Bakı. Elçin Mehdiyev - Trend:
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 18 ildə böyük inkişaf yolu keçib. Bu müddət ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər də deyilənləri təsdiqləyir. Onu da qeyd edək ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində əldə etdiyimiz Zəfər bu uğurlarımızın mərkəzində dayanır.
Bunu Trend-ə Milli Məcllisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov dövlət başçısının həmin günlər xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə etdiyini deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev ümumilikdə 30-a yaxın müsahibə verib və bu müsahibələr dünya ictimaiyyəti tərəfindən diqqətlə və maraqla izlənib:
“Cənab Prezidentin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibənin "Twitter"də 3 milyon baxış sayını keçməsi də bu marağın nəticəsidir. Qeyd edim ki, indiyə qədər Azərbaycanla bağlı heç bir müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib. Beləliklə, göründüyü kimi cənab Prezidentin fəaliyyəti ilə yanaşı, verdiyi müsahibələr də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir”.
Twitter: @ElchinMehdiyev