...

Ermənistan niyə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir? – ŞƏRH

Siyasət Materials 9 Sentyabr 2021 12:16 (UTC +04:00)
Ermənistan niyə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir? – ŞƏRH

Bakı. Trend:

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbayacn və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla bağlı səsləndirdiyi fikirlər onu deməyə imkan verir ki, Azərbaycanın 44 günlük vətən müharibəsi zamanı əldə etdiyi qələbə və bu qələbədən keçən ötən 1 ilə yaxın müddət ərzində Azərbaycanın yeritdiyi siyasət, həyata keçirdiyi işlər nəticə etibarı ilə Ermənistanı reallığı dərk etməyə və reallıqlarla barışmağa məcbur edib”.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Ermənistanın bu reallığı qəbul etməsinin səbəbi var.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qələbədən sonrakı dönəmdə mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər etməsi və bu ərazilərdə quruculuq, abadlıq işlərinin sürətlə həyata keçirilməsi, həmin yerlərə qayıdışın tezliklə mümkün olması üçün görülən böyük miqyaslı işlər Ermənistanı bu reallığı qəbul etməyə məcbur etdi.

Həmçinin Azərbaycanın həm Rusiya, həm Türkiyə, həm də İranla olan münasibətləri və Azərbaycanın regionda uzunmüddətli sülhün bərqərar olması və mövcud olması üçün təklif etdiyi əməkdaşlıq həmin böyük dövlətlər tərəfindən qəbul edilir. Ermənistanın da faktiki olaraq Rusiya və İranla münasibətləri yaxşı səviyyədədir, faktiki olaraq onlardan aslı vəziyyətdədir. Ermənistan Azərbaycanın diktə edən tərəf olduğunu qəbul edir, Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa doğru müsbət addımlar atmaq fikrini ortaya qoyur”.

“Təbii ki, ermənilərin fikrinə tam inanmaq olmaz” – deyə, deputat fikirlərinə əlavaə edib:

“İstənilən halda Ermənsitan son dövrdə məhz Ermənistan-Azərbaycan sərhədlərində baş verən prosesləri daha düzgün analiz edərək, anladı ki, bütün zirvələr, bütün strateji nöqtələr Azərbaycanın nəzarətindədir, faktiki olaraq Azərbaycan bu ərazilərdə güclənib, Azərbaycan qalib tərəfdir. Ermənistan ordusunu yenidən qurmaq, gücləndirmək istəsə də faktiki olaraq güc balansı dəyişməyəcək, Azərbaycan yenə də güclü tərəf olaraq qalacaq. Ermənistanın hansısa yanlış bir addımı ümumiyyətlə Ermənistanın müstəqilliyinin tamamilə yox olmasına gətirib çıxacaq. Bu baxımdan da Ermənistanın hava məkanını Azərbaycandan Naxçıvana uçan təyyarələr üçün açması və Zəngəzur koridorunun fəaliyyət göstərməsi ilə əlaqədar öz öhtəliklərini həyata yetirməyə hazır olması fikrini səsləndirməsi bu məqamları özündə ehtiva edir”.

N.Həmzəyev bildirib ki, Bütün bunlarr bir daha Prezident İlham Əliyevin uzaqgörən siyasətçi olmasını, çox güclü diplomat olmasını və prosesləri çox düzgün analiz etməsinin göstəricisidir.
“Cənab Prezident İlham Əliyevin humanist addımlar atması nəticəsində həm dünya ictimaiyyəti tərəfindən Azərbaycan müsbət rəy qazanır, həm də Azərbaycan regionda uzunmüddətli sülhün olmasını istəyir. Nəticə etibarı ilə, Azərbaycan artıq münaqişənin arxada qaldığını, iqtisadi inkişafa doğru region dövlətlərinin birgə əməkdaşlıq edərək, çalışmasının vacibliyini ortaya qoyur. Bu model Ermənistan tərəfindən də qəbul edilməkdədir”.

Xəbər lenti

Xəbər lenti