...

Sahibkarların banklardan manatla aldığı kreditlərin faizlərinə görə subsidiyaların verilmə müddəti uzadılıb

Siyasət Materials 21 Sentyabr 2021 15:05 (UTC +04:00)
Sahibkarların banklardan manatla aldığı kreditlərin faizlərinə görə subsidiyaların verilmə müddəti uzadılıb

Bakı. Trend:

Sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinin müddəti uzadılıb.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin edəcək.

Bundan əvvəl Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2023-cü illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti