...

Ermənistan Qarabağda İslam dinini təhqir edəndə susan İran indi niyə narahatdır? - TƏHLİL

Siyasət Materials 5 Oktyabr 2021 20:21 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov -Trend:

Tarixən İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb. Bu gün də bu münasibət davam edir. Baxmayaraq ki, İran bizimlə din qardaşıdır. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına rəğmən, İran daim düşmənlərimizə iqtisadi, siyasi dəstək verib. Heç də təsadüfi deyil ki, Nikol Paşinyanın İranın Ermənistan üçün nəfəslik rolunu oynadığını bildirir.

1992-ci ildə Şuşanın erməni işğalçıları tərəfindən işğal edilməsində İranın dolayısı ilə də olsa rolu var. Bir xatırlatma edək ki, 1992-ci il may ayının 7-də Tehranda İranın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sənəd imzalamasının Şuşa şəhərinin işğalı ilə eyni vaxta düşməsi müxtəlif şübhələrə əsas yaradıb.

Mənfur düşmən torpaqlarımızı işğal etdikdən sonra İran Azərbaycan ərazilərində ermənilərlə bir yerdə işlər görməyə başladı. Öncə Qarabağda salamat qalan evləri dəyər-dəyməzinə satın aldılar, sonra söküb apardılar. Bunu sübut edəcək çoxlu sayda fakt var.

İranın Ermənistanla iqtisadi əlaqələri də heç kimə sirr deyil. Son dövrlər bu ölkələr arasında yüklərin daşınmasından hamımızın xəbəri var. İran və Ermənistan sərhəd terminalları infrastrukturunun yenilənməsinə dair razılıq əldə edib. 2007-ci ildə Ermənistan-İran dəmir yolu və neft emalı zavodunun tikintisi layihələrinin iqtisadi-texniki əsaslandırılması haqqında memorandum imzalanıb. Bununla yanaşı, hər iki ölkə bir neçə iqtisadi layihəni birgə həyata keçiriblər.

Bu ölkələrin rəsmiləri görüşlərində iki ölkə arasında əlaqələrinin daha da genişlənməsini müzakirə edirlər. İran rəsmiləri hər dəfə Ermənistanın onlara dost ölkə və bölgədə strateji partnyor olduqlarını vurğulayırlar.

Oktyabr ayının 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana səfər edib. Bu da onu göstərir ki, son zamanlar Azərbaycanın daha da güclənməsi İranı bərk narahat edir. Yoxsa, belə təşvişlə dostlarıyla görüşməzdi. İran hökuməti İkinci Qarabağ savaşından sonra bölgədə yaranan reallıqla barışmaq istəmir. İşğaldan əziyyət çəkmiş və hazırda Cənubi Qafqaz bölgəsinin ən güclü dövləti olan Azərbaycanla səmimi dostluq və əməkdaşlıq etmək əvəzinə, işğalçı Ermənistanla bütün sahələrdə əlaqələrini genişləndirməklə məşğuldur.

İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycanı təhdid edib.

"Amili yazıçılarımızın yaradıcılığında keçən tipik cahil mollaların ümumi obrazıdır".

Bunu İranın Azərbaycana qarşı ikili siyasətini Trend-ə şərh edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, İran birdən-birə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək və sanki Araz boyu Azərbaycana güc nümayiş etdirmək niyyəti ilə addım atdı: “İran bu addımı iki il qabaq atsaydı, hamı düşünərdi ki, Tehran ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində məscidləri dağıtmasına etiraz edir, çünki onlar özlərini müsəlman dövləti adlandırırlarsa, heysiyyata toxunan əsas məsələ məscidlərin dağıdılması olmalı idi. Ancaq Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi niyə İranı bu qədər qıcıqlandırmalıdır?! Niyə narahat etməlidir?! Onlar müsəlman deyillərmi?! Necə olur, Türkiyə, Pakistan müsəlman ölkələri kimi gəlib Azərbaycanla birgə hərbi təlimlərdə iştirak edir, amma İran əks tərəfdə bizə qarşı hərbi təlimlər keçir?! Bəs, onda İslam, müsəlmançılıq harada qaldı?

Azərbaycan əraziləri işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun təlim keçirməyən bir dövlət, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra sərhəddə təlimə başlayır. Buna görə də Azərbaycan haqlı olaraq soruşur ki, bəs, indiyə qədər niyə təlim keçirmirdiniz?

Mənə elə gəlir ki, İran da öz siyasətində fərqli bir istiqamət tutacaq və anlayacaq ki, qonşularla münasibət qurmaq, Azərbaycanla səviyyəli əlaqələr yaratmaq İranın ancaq faydasına ola bilər. Məsələn, kommunikasiya xətlərinin açılmasından ən çox İran yararlanacaq. Ona görə də hansısa əsəbi formada Azərbaycana qarşı təhdid, yaxud da təzyiq göstərməyin heç bir mənası yoxdur. Bunun ancaq İran üçün mənfi nəticəsi ola bilər”.

Deputat erməni işğalı dövründə iranlı işbazlar tərəfindən Azərbaycan ərazilərindən mülklərin sökülüb aparılmasına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan bölgələrində iranlı işbazların dəsti-xətti aydın görünür: “Onlar ermənilərlə birgə həmin ərazilərdə insanlarımıza məxsus mülkləri söküb aparıblar. Azərbaycan tərəfinin bu məsələlər üzərində çox da durmaması o demək deyil ki, biz bunları unutmuşuq. Ona görə də İran çalışmalıdır ki, ermənilərlə birlikdə Azərbaycan ərazilərinin talan olunmasında iştirak etməklə yol verdiyi səhvi düzəltmək üçün müəyyən addımlar atmalıdır”.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, İranın Azərbaycanla sərhəddə təlimlər keçməsi, öz texnikasını vurub sıradan çıxartması İran ordusunun “qüdrətindən” xəbər verir: “Bu təlimlərin 30 ildən sonra, işğala son qoyulduqdan sonra keçirilməsi Azərbaycan cəmiyyətində və bütün dünya azərbaycanlılarında haqlı və əsaslı suallar doğurursa, dünya mediasında, sosial şəbəkələrdə bu işə ucuz şou kimi baxılır.

İranın Ermənistanla olan yaxın münasibətlərini, sadəcə indi deyil, əvvəlki dövrlərdə də dəstək verməsini, onların 90-cı illərdə İrana görə yaşaya bilmələri faktını erməni rəsmiləri dəfələrlə ifadə ediblər. İşğal siyasətinin başında duran Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyirdi: “İran bizim üçün nəfəslik rolunu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”. Sonradan bu fikirləri fərqli formada cani, Xocalı soyqırımını törədən, əli günahsız körpələrin qanına batmış Koçaryan da ifadə edirdi.

Bu ötən əsrə aid faktlardısa, ən son, 4 oktyabr 2021-ci il tarixli faktı da vurğulamaqda fayda var. Belə ki, Ermənistanın “newsarmenia” nəşri elə dünən - 4 oktyabr 2021-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri ilə görüşündən xəbər verdi ki, bu görüş əsnasında səfir Tehranın qardaş Ermənistanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməyə çalışacağını vurğuladı. Deməli, siyasi xətt ötən əsrdən bu yana birdir- "qardaş xətti"".

“O ki qaldı İranının hansısa əyalət mollasının ağzını açıb, gözünü yummasına, Azərbaycana qarşı iftiralar uydurmasına, ola bilər onların gözü erməni sevdası səbəbilə tutulub, Azərbaycan xalqının isə gözü açıqdır, şüurlu xalqdır. Kimin dost, düşmən olduğunu, hansısa amillərdən istifadə etməklə Azərbaycanda bölücülük salmaq istədiyini də aydın bilir. İran işğal zamanı torpaqlarımızda olan daşları belə daşıyaraq apardı. İllər ərzində İran Ermənistana nəinki təzyiq etmədi, əksinə başına sığal və tumar çəkdi. İşğal dövründə Ermənistanla iqtisadi layihələr həyata keçirdi.

Azərbaycan isə heç bir zaman öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Azərbaycan bununla əlaqədar olaraq ən yüksək səviyyədə mövqe səsləndirib. İran hamıya Qərbə, Şərq, İslam ölkələrinə, xristian ölkələrinə düşmən kimi yanaşır. Özünə bir dost saydığı ölkə var, o da Azərbaycan tərəfindən rəzil şəkildə məğlub edilən Ermənistan. Məscidlər dağıdılanda, orada donuz saxlanılaraq İslam dini təhqir olunanda harada idi bu adının yanına İslam sözünü düzüb qoşan ölkə? Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti kimi əhalisi az olan ölkə Ermənistanla diplomatik əlaqələr qurmadılar. İran isə...”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti