...

Ermənistanın yeni AES planı region üçün növbəti təhlükədən xəbər verir - AÇIQLAMA

Siyasət Materials 8 Oktyabr 2021 14:21 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 2025-ci ilə qədər ölkədə yeni atom elektrik stansiyasının (AES) tikilməsinin nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bu istiqamətdə Rusiyanın “Geopromining” şirkəti ilə danışıqlar aparılır. Mütəxəssislər hesab edir ki, bu, "Metsamor"dan sonra region üçün növbəti təhlükə mənbəyi ola bilər.

Bu barədə Trend-ə açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, AES-lər həm ekoloji, həm də insan həyatına təhlükə baxımından riskli layihədir:

"Ermənistanın daha bir AES qurmaq istəməsi ilk növbədə ekoloji baxımdan region üçün arzuolunan deyil. Çünki bu gün AES-lər təkcə həmin ərazidə yaşayan insanlar üçün deyil, bütövlükdə regionun ekoloji durumuna təsir edir. Digər tərəfdən bu tip enerji stansiyaları kifayət qədər təhlükəli və risklidir. Əvvəlki dövrlərdə atom elektrik stansiyalarında baş vermiş hadisələr bunu bir daha sübut edir. Region ölkələri çalışmalıdır ki, daha çox alternativ enerji növlərindən istifadə etsinlər".

Enerji məsələləri üzrə ekspert İlham Şaban da məsələyə münasibət bildirib. O Trend-ə açıqlamasında deyib ki, Ermənistanın mövcud AES-i artıq istismar müddətini başa vurub, lakin yenisinin tikilməsi həddən artıq bahalı olduğundan, Yerevan bu vəsaiti ödəmək iqtidarında deyil:

"Metsamor" AES bu ilin mayın 15-də modernizasiya işlərinin yekun mərhələsinə daxil olmaqla əlaqədar ilk dəfə öz tarixində 141 gün müddətində işinə fasilə verib. Bu hesabla oktyabrın 4-də modernizasiyadan sonra işə salınmalı idi. Ancaq bununla bağlı hələ heç bir xəbər yoxdur. Görünür, işlər bir qədər uzanır. Ümumiyyətlə, "Metsamor" AES-in modernizasiyasına 2015-ci ildə başlayıblar. O zaman qeyd olunurdu ki, buna 330 milyon dollar vəsait lazımdır və bu modernizasiyasının əsas məqsədi ilkin olaraq 2026-cı ilə qədər stansiyanın təhlükəsiz istismarına nail olmaqdır. Hətta belə fikirlər səsləndirilirdi ki, modrnizasiyanın növbəti mərhələsində AES-in istismar müddətinin daha 10 il artırılması məsələsi gündəmə gələ bilər. İndi vəziyyətin necə olacağı Ermənistan-Rusiya danışıqlarından asılıdır. Hazırda orda bir reaktor işləyir. Bir-iki reaktorlu yeni AES tikmək üçün Rusiya Ermənistana azı 10 milyard dollar kredit verməlidir. Ermənistan da bu krediti qaytarmaq üçün üzərinə öhdəlik götürməlidir. Bu vəsaiti necə qaytaracağı problemli məsələdir".

Ekspertin sözlərinə görə, eyni zamanda Ermənistan seysmik zonada yerləşdiyi üçün burada daha bir atom elektrik stansiyası tikmək istəməsi ətraf ölkələr üçün növbəti təhlükədən xəbər verir. O əlavə edib ki, əslində Yerevanın Bakı ilə münasibətlərini normallaşdırıb, lazımi enerjini Azərbaycandan alması onlar üçün daha rentabelli ola bilər:

""Metsamor" AES yaxşı vaxtlarında Ermənistanın enerjiyə olan tələbatının 40 faizini ödəyirdi. Ancaq 2019-cu ildə bu rəqəm 28 faizdən də az olub. Stansiya get-gedə gücdən düşür. Təhlükəsiz rejimdə elektrik enerjisi istehsal edə bilməsi üçün generatorları kifayət qədər gücə sahib deyil. Yenisi isə çox bahadır. O ki qaldı AES-in təhlükəli olmasına, biz bunun şahidiyik. Xüsəsən, həmin bölgədə seysmik həssaslıq var. Bunu Ermənistanda 1988-ci ildə baş vermiş müdhiş zəlzələ də göstərdi. Hansı ki, ondan sonra 6 il müddətində AES-in fəaliyyəti tamamilə dayandırılmışdı. Bu, təkcə Ermənistan üçün deyil, ətrafdakı bütün ölkələr üçün təhlükə mənbəyidir. Ona görə Ermənistanda hətta bütün tələblərə cavab verən yeni AES-in tikintisi belə riskli bir işdir. Ümumilikdə isə deyə bilərəm ki, Ermənistan milyard dollarla kapital qoyuluşu edib yeni AES tikərsə, 50 illik qazancını hissə-hissə Rusiyaya verməli olacaq. Onun əvəzinə ən yaxşı çıxış yolu ildən-ilə Azərbaycanda artan elektrik enerjisindən istifadə etməkdir. Biz artıq ildə 1 milyard kilovatt-saatlıq elektrik enerjisi ixrac edirik. Yeni elektrik stansiyalarının yerli imkanlarla genişləndirilməsi hesabına bu rəqəmin 3 milyard kVt/saata qədər artırılması planlaşdırılır. Ermənistan üçün ən yaxşı fürsət Azərbaycanla münasibətlərini normallaşdırıb, lazım olan enerjini bizdən alması ola bilər".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti