Bakı. Trend:
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabr ayının 9-da Xocavənd rayonuna səfər etmiş və rayon ictimaiyyəti ilə görüşmüşdür. Xocavəndin düşmən işğalından azad olunmasının birinci ildönümündə ölkə başçısının bu səfəri və rayon ictimaiyyəti ilə görüşü xocəvəndlilər və eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmışdır. Xüsusilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm qələbəminin birinci ildönümündə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri, burada həyata keçirilən quruculuq işləri ilə yerində tanış olması bütün dünyaya ciddi bir mesajdır. Bu nöqteyi-nəzərdən ölkə başçısının Xocavənd rayonuna səfəri torpağın əsl sahiblərinin geri qayıtdığının növbəti dəfə təzahürüdür.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib.
Xocavəndin işğaldan azad olunmasında Hadrut əməlliyatının böyük rol oynadığını deyən millət vəkili bildirib ki, bu əməliyyat İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malikdir. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Tamam Cəfərova xüsusilə qeyd edib ki, Azərbaycan xalqı döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmışdır. Xalqımız uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “...Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq”. Məhz, Azərbaycan Ordusunun əsgər və zabitlərinin mərdliyi, qəhrəmanlığı, şücaəti düşmənin geri çəkilməsinə və məğlub olmasına səbəb oldu.
Ermənistanın siyasətinin yalanlar üzərində qurulduğunu vurğulayan T.Cəfərova bildirib ki, müharibənin gedişatında dəfələrlə Ermənistan tərəfinin döyüşlər ilə bağlı öz xalqına yalan məlumatlar verdiyinin şahidi olduq. Hadrut əməliyyatı ilə bağlı da Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Azərbaycan Ordusu az itkilərlə qəsəbəni götürməyə nail oldu. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusunun Hadrutda bayrağımızı qaldırması nəticəsində erməni yalanlarına son qoyulmuş oldu.
Ermənistan tərəfinin yalan və riyakarlığa əsaslanan siyasətinə qarşı Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirməsinin tarixi qələbimizin qazanılmasında böyük rolu olmuşdur. Bu baxımdan qeyd etməliyik ki, həmrəyliyimiz Qələbəmizin əsas səbəbidir. Çünki Azərbaycan xalqı dövlətimizin və Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı. Əminliklə deyə bilərik ki, bundan sonra da Qarabağa Qayıdış prosesində də Xalqımız sarsılmaz birlik və həmrəylik nümayiş etdirməklə, tarixi torpaqlarımızın dirçəldilməsində mühüm rol oyanayacaqdır.