Bakı. Elçin Mehdiyev – Trend:
Regionda sülh və inkişaf üçün yeni təfəkkür, yeni strategiya lazımdır. Ermənistan strateji baxışına dəyişiklik etməlidir, çünki Ermənistan strateji uğursuzluğa düçar olub, onlar öz strategiyasını işğal etdiyi Azərbaycan torpaqlarına kökləyirdi, ancaq vəziyyət dəyişdi, Ermənistan bu strategiyanın qurbanına çevrildi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qlobal Bakı Forumunda panel müzakirələri zaman çıxışında deyib.
H.Hacıyev qeyd edib ki, indi Ermənistan anlamalıdır ki, bütün qonşu ölkələrə dostluq münasibətləri qurmalıdır, bu, Ermənistan üçün faydalı olacaq: “Azərbaycanla münasibətlər qursa, Azərbaycana qarşı ərazi iddialarından əl çəksə bu, Ermənistana fayda gətirəcək. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Əgər Ermənistan strateji baxışına dəyişiklik gətirsə, bu, faydalı olacaq.
Bəllidir ki, uğursuzluğa düçar olan hakimiyyət yenidən seçilə bilməz, ancaq Ermənistan baş naziri yenidən seçildi və biz gördük, Ermənistan xalqı işğalçılıq siyasətindən yorulub. Ermənistanın dənizə çıxışı yoxdur, əgər qonşularla əməkdaşlıq qurarsa, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Erməni diasporası Ermənistana mənfi təsir göstərir, onlar Ermənistana müsbət təsir göstərməlidir”.
H.Hacıyev bildirib ki, birinci Qarabağ müharibəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşüb: “Biz bu insanların taleyi haqqında məlumatları əldə etməliyik. Azərbaycan eyni zamanda minalardan ən çox əziyyət çəkən ölkədir. Ermənistan işğal dövründə Azərbaycan ərazilərini minalayıb. Ermənilər əvvəl bunu inkar edirdi, lakin sonra etiraf etdilər və bir neçə mina xəritəsi təqdim olundu, lakin bu xəritələrin də cəmi 25 faizi faydalı oldu. Revanşizm Ermənistanın özü və region üçün bir bəla ola bilər. Biz istəməzdik ki, hadisələr bu cür davam etsin. Azərbaycan bütün region ölkələrinin əməkdaşlıq etməsini istəyir”.