...

Brüssel görüşü - Azərbaycanın növbəti diplomatik uğuru

Siyasət Materials 16 Dekabr 2021 09:23 (UTC +04:00)
Brüssel görüşü -  Azərbaycanın növbəti diplomatik uğuru

Bakı. Elçin Mehdiyev – Trend:

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib və görüş nəticəsində Şarl Mişel tərəfindən bəyanat səsləndirilib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatını Azərbaycanın mövqeyinin dəstəklənməsi kimi qiymətləndirmək olar.

“Azərbaycanın haqlı mövqeyi bu bəyanatda təsbit olunur. Çünki 44 günlük Vətən müharibnəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında və görüşlərinə səsləndirdiyi məsələlər bu bəyanatda öz əksini tapıb. Cənab Prezident qeyd edirdi ki, münaqişə keçmişdə qalıb və artıq sülh haqqında danışmaq lazımdır. Prezident İlham Əliyev Şarl Mişel ilə iyul ayında görüşü zamanı da bu fikri səsləndirmişdi. Brüssel bəyanatında da münaqişə irsinin aradan qaldırılmasına və hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. bu da Azərbaycanın dediyi kimi münaqişənin keçmişdə qalmasını və gələcəyə baxmaq lazım olduğunu təsdiq edir. Bu eyni zamanda Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, həmçinin Aİ Şurası Prezidenti öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinı çağırış edib.

“Bu da əlbəttə ki, Azərbaycanın mövqeyi ilə üst-üstə düşən məsələdir. Çox vacib məqamlardan biri də 1-ci Qarabağ müharibəsi zaman Azərbaycan tərəfindən itkin düşmüş dörd mindən artıq şəxsin taleyi ilə bağlı olan məsələdir. Avropa İttifdaqının gündəliyinə ilk dəfədir ki, itkin düşmüş şəxslərlə bağlı mövzu salılır və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunur ki, bu da hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən bir məsələdir” – deyə S.Hüseynova vurğulayıb.

O qeyd edib ki, Vətən müharibəsindən sonra yeni reallıqlardan biri də məhz regionda yeni əməkdaşlıq platformasının yaradılmadı ilə bağlı idi.

“Şarl Mişelin bəyanatında Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafı üçün dəstək ifadə olunub. Eyni zamanda bəyanatda regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini ifadə edilib ki, bu da Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə dəstək verilməsi anlamına gəlir.

Digər tərəfdən bəyanatda humanitar məsələlərə də dəstək ifadə olunur. Digər vacib bir məsələ demarkasiya və delimitasiyası məsələsidir ki, Aİ məşvərətçi statusunda bu işlərə dəstəyini ifadə olunub. Bəyanatda həmçinin regionda yeni kommunikasiyaların yaradılması və ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dstək də ifadə olunur. Bəyanatda qeyd olunan çağırışlar Azərbaycanın mövqeyinə birbaşa dəstəkdir. Bu bəyanat cənab Prezident İlham Əliyevin Paşinyan və Ermənistan üzərində növbəti diplomatik uğurudur. Ermənistanın başqa bir yolu qalmır, onlar sülh müqaviləsinə getməlidirlər və sülhə imza atmalıdırlar”, - deyə deputat vurğulayıb.

Politoloq Şəbnəm Həsənova isə Trend-ə açıqlamasında bildirib ki, postmüharibə dövründə də çoxşaxəli və mürəkkəb kombinasiyaların fonunda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və təşəbbüslərə açıq müstəqil siyasət yürüdən bir ölkə kimi xarakterizə edilir:

“Cənab Prezident İlham Əliyev postmüharibə dövründə reallaşdırdığı hər səfərə, getdiyi hər görüşə böyük üstünlüklə gedib. Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qələbə qazanması Brüssel görüşünə də Azərbaycanın böyük üstünlüklə getməsini təmin etdi. Cənab Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçikaya reallaşdırdığı işgüzar səfər çərçivəsində bir sıra mühüm çıxışlar, bu çıxışlardan irəli gələn məsələlər və ən əsası Avropa İttifaqı vasitəsilə üçtərəfli görüşün nəticəsinə dair bəyanat mövcuddur.

Gündəlikdə duran əsas məsələ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasından ibarətdir. Bu isə heç şübhəsiz ki, ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyasından keçir. Ümumilikdə mənzərə ondan ibarətdir ki, Avropa İttifaqı regionda təşəbbüsü əldən verməməkdə qərarlıdır. İlk dəfə idi ki, postmüharibə dövründə Rusiyanın deyil, Aİ-nin vasitəçiliyi ilə görüş baş tutdu və bəyanat yayıldı.

Bəyanatın ən önəmli hissəsi ondan ibarətdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etdi. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, münaqişə artıq keçmişdə qalıb, səhifəni çevirib, gələcəyə baxmaq zamanıdır. Məhz bu çağırış Azərbaycanın mövqeyinin bir daha təsdiq olunması deməkdir. Bir digər xüsusi amil və tarixi məsələ odur ki, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Aİ açıq şəkildə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyini ifadə edir. Azərbaycanın istəyi odur ki, 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli Soçi görüşləri və imzalanan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilsin. Aİ-nin də bu amilə çağırış etməsi göstərir ki, Aİ ilə Azərbaycanın mövqeyi üst-üstə düşür”, - deyə politoloq bildirib.

Ş.Həsənova vurğulayıb ki, Ermənistan Brüsseldə də məcbur edildi ki, Zəngəzur dəhlizi açılsın:

“Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə dəstəyini ifadə etdi. Diqqət çəkən məqam ondan ibarətdir ki, Aİ bildirir ki, hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcək. Kommumikasiyaların açılması ilə bağlı da NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında da cənab İlham Əliyev açıq şəkildə dedi ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük postu qurmaq istəsə, Laçın yolunda da eyni addım atılacaq. Düşünürəm ki, bu çox yerində vurğulanmış bir məsələdir ki, Azərbaycan bu işdə prinsipaldır. Görünən odur ki, Nikol Paşinyana aydın şəkildə başa saldılar, ya da Paşinyan üçün daha dəqiq və xaraterik kəlimənin tapşırıq olduğunu nəzərə alaraq, tapşırıq verdilər ki, vəziyyətə utopik yanaşma sərgilməsin, daha real və soyuq başla baxsın və Zəngəzur dəhlizində gömrük postu qurmaq xəyallarından əl çəksin”, - deyə Ş.Həsənova vurğulayıb.

O qeyd edib ki, Aİ Azərbaycanın mina təmizləmə səylərinə dəstək verəcəyini də bildirir, çünki bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir:

“Bəyanatda Azərbaycan tərəfini olduqca qane edən bir xüsusi məqam da mövcuddur. Belə ki, nəzərə alsaq ki, birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi haqqında hələ də məlumat mövcud deyil, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunur. Aİ-nin Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək verəcəyini ifadə etməsi də olduqca mühüm məsələdir. Eyni zamanda, qurum sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini məşvərətçi statusda dəstəkləyəcək.

Bütün bu amillər Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini göstərməklə yanaşı Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Cənab Prezident daha öncə də çıxışlarında dəfələrlə bildirmişdi ki, Ermənistan xoşluqla Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, Azərbaycan buna güc tətbiq edərək nail olacaq. Qətiyyət, prinsipiallıq, sistematik diplomatik addımlar yenə də öz nəticəsini verdi. Çünki rəsmi, İrəvan ciddi cəhdlə çalışırdı ki, dəhliz açılmasın. İndi yenə dərk etdi ki, Azərbaycanın yaratdığı reallıqla barışmaqdan başqa alternativi mövcud deyil.

Azərbaycan dövlətinin bu uğurlu mövqeyinin bazasında müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaşlıq üzərində qurduğu qarşılıqlı faydalı əməkdaşlıq xətti tutur. Təcrübə sübut edir ki, Azərbaycan Prezidentinin tutduğu mövqe perspektivli, reallığa uyğun və ən əsası isə səmərəlidir”, - deyə politoloqü əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti