Bakı. Trend:
Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər.
Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyantda Azərbaycanın haqlı mövqeyi dəstəklənib.
Brüsseldə keçirilmiş görüş barədə danışarkən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Trend-ə bildirib ki, görüşün ən vacib nəticələrindən biri Ermənistanın dəmir yolunun tikintisinə başlamağa razılıq verməsi olub, bu isə faktiki olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun salınmasını ifadə edir.
"Bu, Ermənistanda Azərbaycanla istənilən əməkdaşlığın xəyanətə bərabər olduğunu vurğulayan siyasi müxalifət tərəfindən təzyiqlərlə əlaqədar Paşinyan üçün çətin qərar idi. Brüssel görüşünün ən vacib nəticələrindən biri o oldu ki, Ermənistan infrastruktur sahəsində əməkdaşlıq üzrə razılaşmaların reallaşdırılmasına razılıq verib", - deyə o bildirib.
Sabiq səfirin sözlərinə görə, daha bir vacib məqam o idi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel faktiki olaraq Ermənistanı artıq imzalanmış sazişlərin bəndlərini icra etməyə çağırdı.
"Ermənistanın üçtərəfli razılaşmalara uyğun olaraq onu Azərbaycan və Türkiyə ilə birləşdirən tranzit kommunikasiyalarının açılmasına razılıq verməsinə baxmayaraq, əslində öz öhdəliklərini yerinə yetirməyib. Şarl Mişel, həmçinin tərəfləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasını da əhatə edəcək hərtərəfli sülh sazişi ilə bağlı danışıqlara çağırıb. Bu sazişin reallaşdırılması Azərbaycanın, Türkiyənin, Rusiyanın, Ermənistanın, NATO-nun və Aİ-nin maraqlarına cavab verir", - M.Brayza deyib.
O əlavə edib ki, Brüssel görüşü faktiki olaraq Soçi görüşünün davamı oldu və Soçi razılaşmalarını daha da möhkəmləndirdi. Azərbaycan Ermənistanın üzərinə daha konkret öhdəliklər və onların icrası üçün məsuliyyəti qoya bildi.
(Tərcümə: Orxan Nəbiyev)