Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının
2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Trend xəbər verir ki, Sərəncamla
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan
Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək
məqsədilə qərara alınır:
- 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
- “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.