Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan və Rusiya arasında münasibətlər dinamik inkişafdadır. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevi 60 illik yubileyi ilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tama əmin ola bilərsən ki, vəd yerinə yetiriləcəkdir. Əlbəttə dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
"Hesab edirik ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əlaqələrinin möhkəmləndirilməsi, birgə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsi Cənubi Qafqazda yeni münasibətlərin qurulması baxımından olduqca əhəmiyyətlidir. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi məqsədyönlü uğurlu xarici siyasət həm Türkiyə, həm Rusiya, həm də Türkiyə-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə yaxşı imkanlar yaratdı. Bu dövlətlərlə yaradılmış münasibətlər də imkan verdi ki, Azərbaycan Ermənistanın növbəti hərbi təxribatlarının həm qarşısını alsın, həm də qarşısını alaraq, Vətən müharibəsində öz ərazilərini işğaldan azad etdi.
Bu gün Azərbaycanla Rusiya arasında mövcud olan ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlmişdir. Bu münasibətlərin daha dərinləşdirilməsi üçün yeni sazişlərin, müqavilələrin imzalanması günün tələbidir. Prezident İlham Əliyevin Rusiyaya səfəri ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutur. Bu hadisə hər iki ölkədə yüksək qiymətləndirilir. Azərbaycan və Rusiya müstəqil, suveren dövlətlər deyil, həm də çox yaxın dost dövlətlərdir. Rusiyada bir neçə milyon azərbaycanlı yaşayır və fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda üç yüz minə yaxın rus əsilli vətəndaşımız rahat yaşayır və fəaliyyət göstərir. Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərkən neçə rus əsilli qəhrəmanlarımız şəhid oldular. Onlar Vətən uğrunda, gələcək nəsillərin xoşbəxt və təhlükəsiz yaşamaları uğurunda döyüşərək şəhidlik zirvəsinə yüksəldilər. Onların əziz xatirəsi həmişə xalqımızın qəlbində yaşayacaqdır" - deyə o bildirib.
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Rusiya Prezidenti Vladimir Putin ermənilərin və ermənipərəst qüvvələrin bütün təxribatçı suallarına və tələblərinə cavab verərək dəfələrlə bildirdi ki, Azərbaycan öz ərazilərində döyüşür və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Biz tezliklə müharibənin bitməsini istəyirik, bölgədə sülh istəyirik, amma Ermənistanın Baş naziri Paşinyan bu təklifi qəbul etmir. Azərbaycan isə sülh, inkişaf, xalqların rahat yaşamasını, qonşuların əməkdaşlığını istəyir. Əlbəttə, Rusiya Prezidentinin bu ədalətli dəstəyi, həqiqəti öz xalqına və dünyaya çatdırması ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə qurulduğundan xəbər verirdi.
"Azərbaycanın, Türkiyə və Rusiyanın dəstəklədiyi “3+3” əməkdaşlığının qurulması, sülhün və iqtisadi inkişafın davamlı və dayanıqlı olmasını təmin etmək, erməni terrorçu birləşmələrinin və kənar qüvvələrin bölgəyə müdaxiləsinin qarşısının alınması, Azərbaycanın bloklara qoşulmama siyasəti baxımından da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi və Moskva Bəyannaməsi Qarabağın azad ediməsindən sonra yaranmış yeni geosiyasi reallıqlara tam cavab verir və əldə edilmiş uğurları möhkəmləndirir. Bu, təbii ki, münasibətlərimizin inkişafında yeni mərhələdir.
Prezidentlərin 22 fevral 2020-ci il tarixdə Moskvada keçirilən
görüşündə Prezident Vladimir Putin dedi: “Düşünürəm ki, indiki
həyatımızda hələ də yaranan problemlərə baxmayaraq, biz indiki
səviyyəyə çatdığımızdan razı qala bilərik”. Əlbəttə, bu, iki ölkə
arasındakı münasibətlərin yüksək səviyyədə olmasından və hər iki
dövlət başçısının bir-birini yaxşı anlamasından, baş verən
hadisələrə düzgün qiymət vermələrindən xəbər verir.
Prezident İlham Əliyev ikitərəfli görüş zamanı qırx bənddən çox
olan bu sənədin tarixi əhəmiyyətli olduğunu qeyd edərək bildirdi
ki, bu həm bizim ölkələrimiz arasında münasibətlərə, həm də
regional təhlükəsizliyə pozitiv təsir göstərəcəkdir. Müttəfiqlik
sahəsində qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı ən mühüm
sahələri əhatə edir.
Əlbəttə, Azərbaycan xalqının Rusiyadan müəyyən gözləntiləri də var
ki, onların da yaxın zamanlarda həya keçəcəyinə inanırıq.
Fikrimizcə, Azərbaycanla Rusiya arasında keyfiyyətcə yeni səviyyədə qurulan münasibətləri özündə əks etdirən müttəfiqlik sahəsindəki əməkdaşlıq bölgədə yaranmış yeni reallıqları daha da möhkəmləndirəcək və milli maraqlarımızın təmin edilməsinə xidmət edəcəkdir", - B.Əliyev əlavə edib.