Bakı. Trend:
Ermənistan 30 il müddətində Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində dalan bir ölkəyə çevrilib, sosial-iqtisadi böhranla üzləşib. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində yaranan yeni reallıq Ermənistan üçün də bu vəziyyətdən çıxmaq üçün yeni imkanlar yaradıb. Ermənistan yalnız bu imkanlardan istifadə etməklə, Azərbaycanla münasibətləri normallaşdırmaqla düşdüyü ağır durumdan xilas ola bilər.
Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, bu gün Ermənistanın bir şansı var, o da Azərbaycanla münasibətləri normallaşdırmaq.
“Əks halda Ermənistan daha da ağır duruma düşəcək. Yaxşı olardı ki, Ermənistanda olan revanşist qüvvələr öz ritorikalarından geri çəkilsinlər, bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün addımlar atsınlar. Azərbaycan süllh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib və bunun üçün zəruri addımları atıb”, - deyə deputat bildirib.
O vurğulayıb ki, Azərbaycan çox böyük enerji, nəqliyyat-kommunikasiya və logistika layihələri həyata keçirir və region ölkələri ilə çox sıx əməkdaşlıq edir.
“Azərbaycanın region ölkələri ilə əməkdaşlığı ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün çox böyük zəmin yaradır və ölkələr bu əməkdaşlıqdan böyük istisadi faydalar qazanıblar. Ancaq Ermənistan işğalçılıq siyasətinə görə bütün layihələrdən kənarda qalıb. Artıq Ermənistan görməlidir ki, əgər Azərbaycanla münasibətlərini normallaşdırsa, qarşılıqlı əlaqələr yaransa Ermənistan da iqtisadi inteqrasiya edə bilər və proqnozlaşdıra bilmədiyi böyük iqtisadi faydalar götürə bilər.
Azərbaycanın yürütdüyü siyasət nəticəsində Ermənistan bir dalan ölkəyə çevrilib. Azərbaycan inkişaf edib, Ermənistan isə sosial-iqtisadi böhran içərisində çabalayır. Ancaq indi ermənilər normal, sivil qaydada yaşamaq istəyirsə onların yolu ancaq Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, münasibətləri normallaşdırmaqdan keçir”, - deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə bildirib ki, Ermənistanın xilası Azərbaycanla münasibətlərin normallaşmasından keçir.
"Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Ermənistanla münasibətlərin normallaşmasının Ermənistan üçün yeni imkanlar yaradacağını bir daha vurğuladı.
30 illik münaqişə göstərdi ki, bu müddətdə Ermənistan yanlış yolda olub. Müharibə bu dövlətə və xalqa yalnız yeni faciələr gətirib. Ermənistan bütün regional layihələrdən uzaq düşüb. Ermənistan bu tarixdən və 44 günlük müharibədə yaşadığı acı məğlubiyyətdən ciddi nəticə çıxarmalıdır.
Bu gün münasibətlərin normallaşması üçün Ermənistana yeni fürsət və imkanlar yaradılıb. Ermənistan bu imkanlardan istifadə etməlidir. Bu imkan hər zaman olmayacaq. Ermənistanda yenidən revanşist meyllərin artması bu ölkəyə yalnız və yalnız yeni faciələr gətirəcək. 44 günlük müharibə bunu açıq göstərdi", - deyə deputat bildirib.
Deputat bildirib ki, Prezident İlham Əliyev onu da qeyd etdi ki, Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük maliyyə paketini elan edib.
"Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər. Ermənistanın çox az sayda əhalisini nəzərə alsaq ki, fikrimcə, bu, revanş və qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf edilərsə, onda artıqlaması ilə kifayət edəcək.
Bu imkan və reallıqları nəzər alaraq Ermənistan ciddi düşünməli və mövqeyini konkretləşdirməlidir. Azərbaycan bütün konstruktiv müzakirələrə hazırdır. Əslində Azərbaycanın yaratdığı yeni reallıq konteksində Ermənistanın başqa seçimi yoxdur", - deyə C.Məmmədov əlavə edib.