...

Ermənipərəst Qərb dövlətlərinin qərəzli mövqeyi: Azərbaycana qarşı hücumların məqsədi nədir?

Siyasət Materials 19 May 2022 18:58 (UTC +04:00)
Ermənipərəst Qərb dövlətlərinin qərəzli mövqeyi: Azərbaycana qarşı hücumların məqsədi nədir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi Qərb ölkələri hər zaman açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Zaman-zaman bunun şahidi olmuşuq və 44 günlük vətən müharibəsi zamanı onların ermənipərəst mövqeyi özünü daha açıq şəkildə biruzə verdi. Bəzi qərb ölkələri hətta beynəlxalq qanunları tapdalayaraq, dövlət siyasətini arxa plana keçirərək qərəzli şəkildə ermənipərəst mövqe nümayiş etdirdi.

Bu gün həmin ölkələr eyni mövqedən çıxış edir. Hətta bəzi Qərb ölkələri ona hər fürsətdə xəyanət edən Ermənistanı himayə edir, onun açıq-aşkar xəyanətlərini sanki görməzdən gəlir, Ermənistanda polisin, güc qurumlarının etiraz aksiyalarına çıxanlara qarşı amansız davranışlarına, siyasi terroruna, zorakılıq hallarına, aksiyaları güc yolu ilə dağıtmasına göz yumur, əksinə, etiraz aksiyasına çıxanları qınayır.

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycanda ən xırda hadisələr Qərb mediasında amansız zorakılıq kimi tirajlanır, Britaniya kimi ölkənin səfirliyi Fəvvarələr meydanında keçirilmiş dinc aksiyadan şou düzəldir, Azərbaycanın ünvanına şər-böhtanlar yağdırılır, süni gündəm formalaşdırılır.

Bəzi təhlilçilər Ermənistana xüsusi güzəştli, selektiv münasibəti belə əsaslandırmağa çalışır ki, Qərb guya bu üsulla Ermənistanı özünə tərəf çəkmək, Rusiyanın patronajlığı altından çıxarmaq istəyir, halbuki, heç Qərb üçün də sirr deyil ki, Ermənistan müstəqil ölkə deyil, onun müstəqil xarici siyasət xətti yoxdur. Belə olan halda, Ermənistana bu münasibətin bir adı var - Qərbin riyakarlığı.

Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə döyüşən, Qazaxıstana KTMT bayrağı altında qoşun yeridən bir ölkə hakimiyyətinə Qərbdə hörmət bəslənilməsi Qərb dəyərlərinin özünə qarşı hörmətsizlikdir. Ermənistanın Qəbə qarşı bu cür hörmətsizlik və xəyanət etməsi fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün ABŞ-a dəvət edilir, baş nazir Nikol Paşinyanın Demokratiya Sammitində dəvət edilir.

Ukraynada Rusiya-Qərb qarşıdurması fonunda Ermənistan siyasi rəhbərliyinin özlərini Rusiyanın vassalı, ölkələrinin isə Rusiyanın əyaləti kimi aparmasına baxmayaraq, xüsusilə Fransa özünün ermənipərəst siyasətini gücləndirir.

Vətən müharibəsindən sonra da Fransa dövlət səviyyəsində Ermənistana hərtərəfli dəstəyini göstərməkdə davam edir.

Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir. Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö Penin isə Rusiyadan 9 mln. avro alaraq geri qaytarmadığı təsdiqini tapdı.

Hətta Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Fransa prezidenti E.Makronun Ukrayna prezidenti V.Zelinskiyə ölkədən qaçmağı, güzəşt etməyi təklif etməsi Ukrayna rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib.

2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını, bu gün isə üzvlüyünü bloklayan Fransa və Almaniyanın siyasi dairələrinin əsas simaları Rusiyanın Qərbdə lobbiçiliyini edib, bu ölkəyə məxsus iri şirkətlərlə şübhəli əməkdaşlığa cəlb olunub. Bu xüsusda, rəsmi şəxslərin, Avropa Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli mövqeləri heç də təsadüfi sayıla bilməz.

Əsas nəticə isə odur ki, Ermənistan həm Rusiya, həm Qərb tərəfdən himayə olunur, həm 44 günlük müharibə zamanı, həm postmünaqişə dövründə Azərbaycan təkbaşına mübarizə aparır. Prezident İlham Əliyev bütün tərəflərdən gələn təzyiqlərə baxmayaraq, müstəqil siyasət yürüdür, təkbaşına mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti