...

Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi - Cəlil Xəlilov

Siyasət Materials 14 İyun 2022 15:48 (UTC +04:00)
Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi - Cəlil Xəlilov

Bakı. Trend:

15 iyun dövlətçilik tariximizin qürur səhifəsidir.

Trend xəbər verir ki, bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz 1993-cü ilin 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi dövlətimizi və xalqımıza xilas etdi:

“15 iyun tarixinin dövlətimizin, xalqımızın taleyi və tarixi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün 1993-cü ilin ortalarında mövcud olan ictimai-siyasi və hərbi vəziyyətə nəzər salmaq kifayətdir. Söhbət elə bir tarixdən gedir ki, həmin ərəfədə Azərbaycanın tarixi torpaqlarının bəlli bir qismi erməni fşaistləri tərəfindən zəbt edilmişdi. Nizami ordunun və vahid hərbi komandanlığın olmaması erməni işğalının qarşısını almağa imkan vermirdi.

Bundan başqa, ölkə daxilində ictimai-siyasi vəziyyət də son dərəcə ağır idi. Hakimiyyət daxilində mövcud olan ciddi qarşıdurma, xalqın siyasi hakimiyyətə inamının itirməsi, cəmiyyətin vətəndaş müharibəsi həddinə gəlib çıxması, sosial-iqtisadi durumun hədsiz pisləşməsi və s. vəziyyəti ümidsiz edirdi. Daxili sabitliyin olmaması düşmən qüvvələrin ölkə daxilində çoxsaylı təxribatlar həyata keçirməsinə əlverişli zəmin yaradır, ölkədəki gərginliyi bir qədər də artırırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ümumilli lider Heydər Əliyev ilk öncə daxili sabitliyin bərpa edilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi, ölkə daxilində xaos və qarşıdurmanın aradn qaldırılması istiqamətində sistemli addımlar atmağa başladı. Vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Hakimiyyətə peşəkar kadrlkar gətirildi. Ölkə daxilində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr ləğv edildi. Vahid, nizami ordu yaradıldı. Ordunun gücləndirilməsinə, onun peşəkar kadrlarla təmin edilməsinə xüsusi diqqət yetirildi. Nəticədə, erməni işğalının qarşısı müvəffəqiyyətlə alındı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması Azərbaycana öz qüvvələrini yenidən səfərbər etməyə, iqtisadiyyatını gücləndirməyə, daha güclü ordu formalaşdırmağa imkan verdi. Bütün bunlar isə Heydər Əliyev tərəfindən – onun bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirildi”.

Polkovnik qeyd etdi ki, 1993-cü ilin 15 iyun hadisəsi Azərbaycan xalqının necə böyük tarixi şəxsiyyətlər yetişdirdiyi də bir daha göstərdi:

“1993-cü ilin 15 iyun hadisəsi sübut etdi ki, Azərbaycan xalqı həlledici məqamlarda öz böyük şəxsiyyətləri hesabına çətin vəziyyətlərdən üzüağ çıxmağı bacarır. Xalqımız Heydər Əliyevin simasında necə böyük oğullara sahib olduğunu bir kəs daha bütün dünyaya göstərdi. Xalqımız sübut etdi ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də dahi şəxsiyyətlərdən, böyük sərkərdələrdən xali deyil. Xalqımız sübut etdi ki, heç bir qüvvə onu məhv etməyə, tarixdən silməyə qadir deyil. Xalqımız sübut etdi ki, heç kimə onun müstəqilliyi, suverenliyi, taleyi üzərində qərar verməyə imkan verməyəcək.

1993-cü ilin 15 iyun hadisəsi və ondan sonrakı proseslər mahiyyət etibarı ilə Azərbayacn dövlətinin və xalqının tarixində yeni bir cığır açdı. Heydər Əliyevin formalaşdırdığı siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla inkişafı 2020-ci ilin 8 Noyabr zəfərinin əldə edilməsi – erməni işğalındakı bütün torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Əminəm ki, əsrlər sonra da 15 iyun tarixi Milli Qurtuluş Günü olaraq qürur və iftixar hissi ilə qeyd ediləcək, Heydər Əliyevin ölümsüz xatirəsi xalqımızın qəlbində sonsuza kimi yaşayacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti