Bakı. Trend:
Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Erməni vandallığı nəticəsində bütün bu abidələrimiz məhv edilib.
İşğal altında qalmış Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.
Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Erməni vandallığına məruz qalan Azərbaycana məxsus mədəni irsin mühafizəsində beynəlxalq təşkilatların məsuliyyəti" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Musa Qasımlı - MM-in deputatı, Rauf Zeyni - Milli QHT Forumunun rəhbəri və Aydın Quliyev - tarixçi mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: