Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri çərçivəsində iyulun 12-də bu ölkənin İcmalar Palatasının sədri Ser Lindsi Hoylla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan parlament sədrinin səfərinin şərəfinə Birləşmiş Krallıq parlamentinin qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılıb.
Milli Məclisin sədrini səmimiyyətlə salamlayan Ser Lindsi Hoyl ölkəsinin Azərbaycan parlament rəhbərinin bu səfərinə böyük əhəmiyyət verdiyini bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu qeyd edərək, bu illər ərzində Birləşmiş Krallıqla Azərbaycan arasında uğurlu tərəfdaşlığın qurulduğunu söyləyib.
Ser Lindsi Hoyl Birləşmiş Krallığın Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu bildirərək, parlamentlərimiz arasında əməkdaşlığın da daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Birləşmiş Krallığa ilk səfəri olduğunu diqqətə çatdırıb. O, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Ölkələrimizin dost və tərəfdaş olduğunu bildirən parlamentin sədri qeyd edib ki, Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulduğu ötən 30 il ərzində siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. O deyib ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər, görüşlər müstəsna rol oynayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Krallığa səfərlərini xüsusi qeyd edən Milli Məclisin sədri bunun siyasi münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin münasibətlərimizin əsas komponentlərindən birini təşkil etdiyini diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda 600-ə yaxın Britaniya şirkəti qeydiyyatdan keçib və bu, bizim iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin müsbət əlamətidir. Görüşdə, həmçinin enerji sahəsində əlaqələrin də yüksək səviyyəsi qeyd olunaraq, BP şirkətinin neft və qaz hasilatında Azərbaycanın etibarlı tərəfdaşı olduğu vurğulanıb. Azərbaycan Cənub Qaz Dəhlizinin də həyata keçirilməsində Birləşmiş Krallığın siyasi dəstəyini hər zaman hiss edib. Bərpaolunan enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmizdə parlamentarizmin tarixi ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yarandığı 1918-ci ildən başlayır. Bu, müsəlman Şərqində ilk parlamentli respublika olub. Həmin il əksər Qərb ölkələrini qabaqlayan Azərbaycan qadınlara səsvermə hüququ vermiş və bütün etnik qruplara parlamentdə təmsil olunmaq imkanı yaradılıb.
Görüşdə parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin ən mühüm hissələrindən biri olduğunu deyən spiker Sahibə Qafarova vurğulayıb ki, xalqlarımız arasında qarşılıqlı hörmət, dostluq münasibətləri mövcuddur. Azərbaycan parlamenti bu əlaqələri daha gücləndirmək əzmindədir. Hazırda qanunverici orqanlarımız ikitərəfli münasibətlərin inkişafına müsbət töhfələr verir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Spiker deyib ki, müntəzəm görüşlər, dialoq və fikir mübadiləsi, dostluq qrupları arasında təmaslar parlamentlər arasında körpü rolunu oynaya bilərlər. Parlament komitələri vasitəsilə qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşdirilməsi müsbət nəticələr verə bilər. Həmçinin komitələrimiz hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əməkdaşlıq edə bilərlər.
Görüşdə İcmalar Palatasının sədrinə Cənubi Qafqaz regionunda mövcud vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh perspektivləri barədə məlumat verən Sahibə Qafarova qeyd edib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazanaraq, öz ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyub və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq hüquqi sənədlərin tələblərinin icrasını təmin edib. Bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, işğal illərində Ermənistan Azərbaycanın bütün şəhər və kəndlərini qəsdən dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, məscidlərimiz, müqəddəs yerlərimiz təhqir olunub. Bu gün isə Azərbaycan öz imkanları hesabına bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Hazırda işğal zamanı dağılmış bütün infrastruktur bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağda və Şərqi Zəngəzurda yeni şəhər və kəndlər salınır. Artıq bu il keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasına başlanılacaq. Amma təəssüflər olsun ki, bu işlərdə ən mühüm problemlərdən biri Ermənistanın işğal zamanı ərazilərə çoxlu sayda mina qoymasıdır. 10 noyabr 2020-ci il tarixindən etibarən mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, minatəmizləmə fəaliyyətində hələ də ən az beynəlxalq dəstək alan ölkələrdən biridir. Milli Məclisin sədri Birləşmiş Krallıq şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsinə verdiyi töhfəni və bu ərazilərimizdə həyata keçirilən bərpa, quruculuq işlərində iştirakı xüsusi qeyd edib.
Spiker Sahibə Qafarova vurğulayıb ki, münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni reallıqlar, yeni imkanlar yaranıb. Bu imkanların reallaşması regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcək. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan artıq nəqliyyat infrastrukturuna çox böyük maliyyə vəsaiti ayırıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması rayonun nəqliyyat potensialını xeyli artıracaq. Sahibə Qafarova deyib ki, regionun nəqliyyat infrastrukturunun, o cümlədən, Zəngəzur dəhlizinin açılması regionda inkişafa, sabitliyə töhfə verməklə yanaşı, blokada şəraitində yaşayan Ermənistanın özünə də fayda verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.