...

Prezident İlham Əliyev: Gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik

Siyasət Materials 15 İyul 2022 19:26 (UTC +04:00)
Prezident İlham Əliyev: Gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik

Bakı. Trend:

Gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bildirib:

"İndi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır. Yenə də demək istəyirəm ki, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza təlabat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik. Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili təlabatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır. Energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti