...

Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb

Siyasət Materials 18 İyul 2022 00:04 (UTC +04:00)
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb

Bakı. Trend:

İyulun 17-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən kommynikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması üzrə Azərbaycanın məlum mövqeyini və bu istiqamətlərdə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflərin öhdəliklərinin tam icrasının vacibliyi vurğulanıb.

Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti