Bakı. Trend:
13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici
əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ
Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə telefon danışığı
olub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı
tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın
Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış
gərginlik müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə
pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin
intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu,
bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən
provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün
qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri
həyata keçirdiyi vurğulanıb.
Telefon söhbəti zamanı ali nümayəndə Cozef Borel yaranmış
gərginliklə bağlı narahatlığını ifadə edib. Borel Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla
Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib
olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək
niyyətini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.