...

Jurnalistlərin VIII qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti

Siyasət Materials 24 Sentyabr 2022 20:51 (UTC +04:00)
Jurnalistlərin VIII qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti

Bakı. Trend:

Xəbər verildiyi kimi, sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Trend müraciəti təqdim edir:

“Möhtərəm cənab Prezident!

Sizi Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları adından salamlamaqdan məmnunluq duyuruq.

Azərbaycan jurnalistikası xalqımızın çoxəsrlik adət-ənənələrinin yaşadılmasında, müstəqillik ideyasının təşəkkülündə fəal rol oynamış, tarixi missiya yerinə yetirmişdir. Əsası böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatımız insanlarımızı müqəddəs amallar uğrunda mübarizəyə səsləmiş, həmrəyliyimizin dövlətçilik təfəkkürü ilə vəhdətini təmin etmişdir. Müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyev çıxışlarında, media təmsilçiləri ilə görüşlərində, imzaladığı dövlət sənədlərində mətbuatımızın bu missiyasını, milli şüurun oyanışına, milli özünüdərk proseslərinə töhfəsini yüksək qiymətləndirmişdir. O, jurnalistikanı dövlət idarəçiliyində mühüm ictimai institut olaraq görmüş, bu yanaşmanı idarəçilik modelinə, demokratik, dünyəvi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevirmişdir.

Möhtərəm cənab Prezident, Siz Ümummilli Liderin uzaqgörənliklə müəyyənləşdirdiyi kursa sadiq qalaraq, onun jurnalistika ilə bağlı baxışlarındakı ideoloji xəttə davamlılıq qazandırmısınız. Bu xətt jurnalist peşəkarlığının yüksəldilməsindən tutmuş, media orqanlarının maddi-texniki bazasının, jurnalistlərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılmasınadək bir çox vacib məqamları özündə birləşdirmişdir. Rəhbərliyinizlə reallaşdırılmaqda olan çoxşaxəli islahatlar proqramı jurnalistikanı da əhatə edir. Gözləntimiz və arzumuz budur ki, Qafqaz coğrafiyasında xüsusi çəkiyə malik media orqanlarımız dünyanın nüfuzlu informasiya resursları ilə rəqabət mühitinə hazır olsunlar.

Cənab Prezident, 44 günlük Vətən müharibəsi dövründə dünyanın qlobal media orqanlarına müsahibələrinizdəki fikirlər düşmənlə apardığımız informasiya savaşının əsas konturlarını təşkil etdi. Bu savaşdan qalib ayrılmaqdan, torpaqlarımızın düşmən tapdağından qurtulmasına şahidlikdən, zəfər təntənəsini yaşamaqdan böyük xoşbəxtlik ola bilməzdi.

Onu da bildiririk ki, dünyada baş verən qlobal proseslər fonunda milli maraq və mənafelərimizin qorunmasındakı prinsipiallıq və qətiyyətiniz Azərbaycan jurnalistlərinin ən mühüm yaradıcılıq mövzusudur. Bu istiqamətdə materiallar hazırlamaq, təhlillər aparmaq bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bizi güclü edən, qürurlandıran bu fəaliyyətin Vətənimiz naminə olduğuna dərin əminliyimizdir.

Möhtərəm cənab Prezident, Azərbaycan jurnalistlərinin VIII qurultayı milli informasiya resurslarımızın qarşısında ali vəzifələr müəyyənləşdirməkdədir. Biz Sizin şəxsinizdə Azərbaycan dövlətinin media siyasətinin zəngin mahiyyətinə güvənərək dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsi naminə mühüm vəzifələrin icrasına hazır olduğumuzu bəyan edirik.

Sizə Vətənimizin çiçəklənməsinə yönələn müqəddəs fəaliyyətinizdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Prezident İlham Əliyevə dərin hörmət və ehtiramla,

Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları

Bakı, 24 sentyabr 2022-ci il”.

Xəbər lenti

Xəbər lenti