...

Ermənistanın fitnəkarlıqları hərbi əməliyyatları qaçılmaz etdi - Kamaləddin Qafarov

Siyasət Materials 27 Sentyabr 2022 10:00 (UTC +04:00)
Ermənistanın fitnəkarlıqları hərbi əməliyyatları qaçılmaz etdi - Kamaləddin Qafarov

Bakı. Trend:

“Bu gün Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarxi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin gedişini və nəticələrini təhlil edərkən, ilk növbədə bu müharibəni qaçılmaz edən obyektiv tarixi faktlar qeyd olunmalıdır. Bu faktlardan ən önəmlisi də hələ 200 il bundan əvvəl çar Rusiyasının siyasətinə və maraqlarına uyğun olaraq tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsidir. Məhz həmin vaxtdan ermənilər xalqımıza qarşı düşmənçilik və dözümsüzlük siyasətinə başlamışlar.” Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, iki əsrdən çox müddət ərzində ermənilər məskunlaşdıqları ərazilərdə Azərbaycan toponimlərini dəyişməklə, münbit əraziləri ələ keçirməklə və azərbaycanlıları sıxışdırmaqla məşğul olublar. Çar hakimiyyətinin süqutu və Rusiyada bolşevik rejiminin hakimiyyətə gəlməsi ilə erməni millətçiləri daha da azğınlaşmış və azərbaycanlılara qarşı bir neçə il ərzində kütləvi qırğınlar, qətliamlar həyata keçirmişlər. O cümlədən, onlar 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Azərbaycan tarixinin acı həqiqətlərindən biri də xalqımıza qarşı 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən törədilmiş amansız soyqırımı hadisələri ilə bağlıdır. Erməni millətçi ideoloqlarının xəstə təxəyyüllərinin məhsulu olan mifik “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi məqsədilə tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlarının həyata keçirilməsi artıq bütün dünyaya məlum olan danılmaz faktdır. 1918-ci il hadisələri də Azərbaycan xalqının başına gətirilən bu dəhşətli müsibətlərdən biridir. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qoyulub, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar dağıdılıb və talan edilib.”

Deputat qeyd edib ki, Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dönəmində də davam etdirilmişdir: “Həmçinin belə bir tarixi faktı da qeyd etmək lazımdır ki, azərbaycanlıları tarixən yaşadıqları ərazilərdən, öz dədə-baba torpaqlarından kütləvi deportasiyası Sovet dövründə də davam etmişdir. Tarixi Azərbaycan ərazilərində yaradılmış Ermənistanda yaşayan 150 minə yaxın azərbaycanlı 1948-1953-cü illərdə öz tarixi dədə-baba yurdlarından deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə belə deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur.

Daha sonra K.Qafarov vurğulayıb ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “Mart qırğınları” mövzusu da qadağan olunmuş mövzuya çevrildi. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Ulu Öndər tərəfindən imzalanmış bu Fərman 1918-ci il hadisələri ilə bağlı aparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat edir.”

K.Qafarov qeyd edib ki, keçmiş Qarabağ münaqişəsinin məhz hərbi yolla həllini qaçılmaz edən səbəblərdən biri də beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur:

“Keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Bütün bu illər ərzində Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuş, işğalçı siyasətini davam etdirərək ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi və 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür”.

Sonda K.Qafarov bu məqamı da vurğulayıb ki, 27 sentyabr – Anım Günü bütün şəhidlərimizə, müharibə iştirakçılarına və qazilərə ən böyük hörmət və ehtiramım göstəricisidir: “Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Ölkə Prezidenti cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Azərbaycan öz qəhrəmanlarını heç zaman unutmayacaq, şəhidlərimizin müqəddəs ruhu xalqın qan yaddaşında əbədi yaşayacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti