...

Azərbaycanın Rusiyadakı Səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 27 Sentyabr 2022 22:14 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı Səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Cari ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, günün birinci yarısında Səfirliyin əməkdaşları Qonaq evinin foyesinə toplaşaraq, saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Səfirliyin Qonaq evinin binasında müharibə dövründə düşmən tərəfindən raket zərbələrinə məruz qalmış ölkəmizin şəhər və qəsəbələrindəki dağıntıları əks etdirən fotosərgi təşkil edilmiş və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.

Anım mərasimində Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, Rusiya ictimaiyyətinin nümayəndələri, o cümlədən Həştərxan vilayətinin Dumasının deputatı Oleq Şein iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 27 sentyabr tarixinin Anım günü kimi qeyd edildiyini və həmin gün torpaqlarımızı azad edən şəhidlərimizi yad etdiyimizi diqqətə çatdırmışdır. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətçiliyinin tarixi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın 20 faizdən çox ərazisini, Azərbaycanın mirvarisi Qarabağı, Şuşanı işğal altında saxladığını xatırlatmışdır.

P.Bülbüloğlu qeyd etmişdir ki, möhtərəm Prezidentimiz dəfələrlə ən yüksək tribunalardan çıxış edərək, Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək istədiyini, əks halda öz torpaqlarını güc yolu ilə azad etmək hüququndan istifadə etməyə hazır olduğunu bildirmişdir. BMT-nin Nizamnaməsində hər bir ölkənin özünü müdafiə etmək hüququnu əks etdirən xüsusi bəndin olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın Rusiyadakı səfiri qismində KİV-ə verdiyi müsahibələrində Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etməyə hazır olduğunu, lakin bu məsələ həllini tapmadığı təqdirdə, gücdən istifadə edəcəyini bildirdiyini xatırladan P.Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin atası ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, möhkəm iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulamışdır. Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ordusu möhtəşəm qələbə qazanmışdır və Qarabağ bu gün azaddır.

Səfir qeyd etmişdir ki, məğlub olduğunu görən çarəsiz düşmən gecə vaxtı, qadağan olunmuş silahlarla Azərbaycanın dinc şəhərlərini bombalamışdır və nəticədə 100-ə yaxın Azərbaycan vətəndaşı həlak olmuşdur, 400-dən çox insan yaralanmışdır və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Ağdamda olan xarici jurnalistlərin şəhəri “Qafqaz Xirosiması”na bənzətdiklərini bildirən Səfir şəhərlərimizin, kəndlərimizin dağıdıldığını və XXI əsrdə belə vandallıq aktının törədilməsinin dəhşətli olduğunu diqqətə çatdıraraq, dünyanın işğal olunmuş ərazilərdəki bu vəhşiliyə göz yumduğunun təəccüb doğurduğunu qeyd etmişdir.

Yeganə təsəllinin azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli bərpa işləri olduğunu vurğulayan P.Bülbüloğlu 8 ay ərzində Füzuli hava limanının tikildiyini, ilin sonunadək Zəngilanda hava limanının tikintisinin başa çatdırılacağını, 9 ay ərzində Şuşaya “Zəfər yolu”nun çəkildiyini və hazırda körpü, tunelləri olan yeni möhtəşəm yolun salındığını və beləliklə, Şuşaya yolun daha da qısalacağını diqqətə çatdırmışdır.

Səfir, həmçinin Azərbaycanın musiqi beşiyi sayılan Şuşada, demək olar ki, hər gün beynəlxalq tədbirlərin keçirildiyini vurğulamışdır.

P.Bülbüloğlu vaxtilə ümummilli lider Heydər Əliyevin erməni əsirliyindən azad edə bildiyi Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün büstlərini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşaya ilk səfərində birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə “öz vətəninə” qaytararaq, onların açılışını etdiyinə görə təşəkkürünü bildirmişdir. Səfir qeyd etmişdir ki, bu abidələri illər öncə Bakıya gətirəndə Heydər Əliyev demişdir ki, vaxt gələcək və biz onları yenidən Şuşaya aparacağıq. Prezidentimizin atası Heydər Əliyevin və bütün Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi.

Səfir Şuşada Bülbülün ev-muzeyinin bərpa edildiyini və oraya səfər edən qonaqların bu məkanı ziyarət etdiklərinin xoş hadisə olduğunu, eləcə də orada artıq bir neçə musiqi tədbirlərinin keçirildiyini diqqətə çatdırmışdır.

Sentyabr ayının əvvəlində Azərbaycan xalqının yenə şəhid verdiyini və gənc övladlarımızı itirdiyimizi təəssüflə qeyd edən Səfir xalqın, dövlətin ədalətsizlik qarşısında özünü müdafiə etməsinin vacibliyini vurğulamışdır.

P.Bülbüloğlu onu da qeyd etmişdir ki, bizim vəzifəmiz şəhidlərimizi, onların keçdikləri həyat yolunu, ailələrini heç vaxt unutmamaqdır. Məktəblərə, küçələrə şəhidlərimizin adlarının verildiyini bildirən Səfir Azərbaycan xalqının heç vaxt qəhrəmanlarını unutmayacağına və onların xatirəsinin əbədiləşdiriləcəyinə əminliyini ifadə etmişdir.

P.Bülbüloğlu çıxışını “Qarabağ Azərbaycandır və Qarabağ hər zaman Azərbaycanın olaraq qalacaq!” fikri ilə yekunlaşdırmışdır.

Daha sonra RAGB-ın məsul katibi Ceyhun Hüseynov çıxış edərək, 44 günlük müharibənin qəlblərimizdə, talelərimizdə və yaddaşlarımızda dərin iz qoyduğunu, 44 gün ərzində harada yaşamalarından və hansı peşə sahibi olmalarından asılı olmayaraq, bütün azərbaycanlıların vahid məqsədə nail olmaq üçün Ali Baş Komandanımızın ətrafında möhkəm birləşdiklərini bildirmişdir. O, tarixi ədaləti bərpa etmək, işğal altında olan torpaqlarımızı azad etmək, 1 milyona yaxın azərbaycanlının yenidən azad edilmiş torpaqlarımızda yaşaması və yaratması naminə 3000-ə yaxın qəhrəman Vətən övladlarının şəhid olduğunu qeyd etmişdir. C.Hüseynov vurğulamışdır ki, azərbaycanlı gənc nəslin əsas vəzifəsi bütün şəhidlərimizin xatirəsini daim yad etmək, onların ailələrinə, eləcə də qazilərimizə qayğı göstərmək olmalıdır, dövlətimizin ərazi bütövlüyü və suverenliyinin qorunması üçün əlimizdən gələni etməliyik.

Sonra RAGB-nin rəhbəri Leyla xanım Əliyevanın müəllifi olduğu və əsgərlərə həsr etdiyi şeir Abbasqulu Həsənovun ifasında səsləndirilmişdir. Həmçinin Fatimə Qəhrəmanlı müəllifi olduğu və Şuşaya həsr etdiyi şeiri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə gənc azərbaycanlı violonçelist İbrahim Nağıyev və rusiyalı skripkaçı Sofiya Fedotovanın ifalarında musiqilər səsləndirilmişdir.

Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti