...

Müzəffər Ali Baş Komandanın Qalib ordusu olmaq bizim üçün qürurdur - DQ hərbi hissə komandiri (FOTO/VİDEO)

Siyasət Materials 7 Oktyabr 2022 09:30 (UTC +04:00)
Müzəffər Ali Baş Komandanın Qalib ordusu olmaq bizim üçün qürurdur - DQ hərbi hissə komandiri (FOTO/VİDEO)

Bakı. Trend:

Ordunun uğuru, nailiyyəti onun yüksək peşəkarlığı ilə yanaşı, həm də ruh yüksəkliyi, mənəvi psixoloji durumundan asılıdır. Tarixi Qələbə ilə başa çatan Vətən Müharibəsi zamanı biz hər an Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, həmçinin Azərbaycan xalqının mənəvi dəstəyini hiss etdik və bu bizlərə əlavə güc verdi.

Bunu Trend TV-yə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissə komandiri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zəfər Yusibov deyib. Polkovnik bildirib ki, Müzəffər Ali Baş Komandanın Qalib ordusunun mənsubu olmaq əbədi qürur və şərəfdir.

“Böyük ruh yüksəkliyi, vətənpərvərlik, qisas hissi, ən müasir silah-sursat, ordumuzun son dərəcə peşəkarlığı bizə qələbələrə imza atdırdı. Azərbaycan əsgəri qəhrəmandır, fədakardır. Bizim cənab İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanımız var bu əvəzsiz fəxrdir", - deyə o əlavə edib

Vətən Müharibəsi Qəhrəmanı həmçinin bildirib ki, müharibə zamanı əsas fəaliyyətləri çətin relyefli ərazilərdə döyüşmək, kəşfiyyat hərəkətləri aparmaq, düşmən mövqelərinin dərinliklərinə sızmaq olub.

“Əlimizdə olan xüsusi vasitələrdən istifadə edərək effektiv nəticələr qazanırdıq. Dağ şəraitində ağır texnika və ya yüklərdən istifadə etmək çətindir. Avtomat, snayper, pulemyot və imkan olduqda qumbara atanlarla irəliləyirdik və bunlar bizə kifayət edirdi. Düşmən yüksəkliklərdə ağır texnika ilə silahlanmışdı. Amma nəticə göz önündədir. Biz düşməni darmadağın etdik. Çünki, onların əlindəki silah-sursatı istifadə edə biləcək əsgər lazım idi. Ən yaxşı silah yaxşı öyrədilmiş əsgərdir. Silahlarından yaxşı istifadə edə bilməyən düşmən onları bizə qənimət olaraq buraxıb qaçırdı", - deyə Z.Yusibov qeyd edib.

Z.Yusibov əlavə edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah-sursat və texnkia ilə təmin olunması ordunun gücünü sürətlə artırır.

“Ali Baş Komandan daim ordumuzun təminatına böyük önəm verib, təchizat, təminat, şəxsi heyətin sosial müdafiəsi məsələləri ön planda saxlanılıb. Ona görə də hərbçilərimiz Vətən Müharibəsində böyük şücaət və qəhrəmanlıqlar göstərdi və Ordumuzun gücünü bütün dünya gördü”.

Hərbi hissə komandiri xüsusilə vurğulayıb ki, əgər Ermənistan ordusu yenidən hərbi təxribatlar törətməyə cəhd edərlərsə, ən ağır cavab alacaqlar.

“Düşmən bilməlidir ki, istənilən təcavüzkar hərəkətin, hərbi təxribatın qarşısı qətiyyətlə alınacaq, özü də onların yüzlərlə, lazım gəlsə minlərlə itki verməsi bahasına”, - deyə Z.Yusibov bildirib.

Xəbər lenti

Xəbər lenti