Bakı. Trend:
Mülki əhaliyə hücumlar heç vaxt, hətta müharibə vaxtı belə olmamalıdır və bunun təqsirkarları məsuliyyətə cəlb olunmalıdır.
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı Gəncədə keçirilən konfransda deyib.
O qeyd edib ki, Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edəcək.
"Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Pakistan Azərbaycanın sülhün qurulması niyyətini dəstəkləyir", - deyə o bildirib.
Səfir ümidvar olduğunu bildirib ki, Ermənistan yaxın zamanlarda münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası istiqamətində öhdəliklərini yerinə yetirəcək və bu da regiona sülhü gətirəcək.
(Tərcümə: Orxan Nəbiyev)