...

Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar - Vüqar Rəhimzadə

Siyasət Materials 31 Yanvar 2023 11:25 (UTC +04:00)
Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı. Azərbaycanın uğurlarının fonunda tərəfdaşlarının çoxluğunu böyük səmimiyyətlə bildirən Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, iki dövlət arasında dərin əməkdaşlığı yüksək dəyərləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın imzaladığı “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə yönəldərək bildirib ki, əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır: “Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bugünədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir. Hazırda günümüzün əsas çağırışları sırasında “yaşıl enerji” sahəsində əlaqələrin qurulması xüsusi yer tutur.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir: “Onu da qeyd edək ki, Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Təkcə ötən il enerji sektorunda imzalanan iki sənədi qeyd etmək kifayətdir. 2022-ci ilin iyulunda ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Həmçinin ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur.”

“Ümumilikdə dövlət başçısı İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir” söyləyən Vüqar Rəhimzadə imzalanan sənədləri əlaqələrin gələcək inkişafının yol xəritəsi kimi qeyd edib. Strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti