...

Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub – Hesabat

Siyasət Materials 3 Mart 2023 14:02 (UTC +04:00)
Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub – Hesabat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən dövr ərzində Ombudsman tərəfindən işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında faktoloji araşdırmalar həyata keçirilmiş, əldə olunmuş materiallar əsasında xüsusi hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib. Hesabatda Ermənistanın işğal dövründə azərbaycanlılara məxsus qəbiristanlıqları qəsdən kütləvi şəkildə dağıtması, qəbirüstü abidələri talan etməsi, qəbirləri və ölüləri təhqir etməsi, habelə məzarları ziyarət edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə ərazini minalaması kimi faktlar əyani olaraq öz əksini tapıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

İşğal dövründə Azərbaycanın həm tarixi, həm də beynəlxalq hüquqla tanınan torpaqlarında bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini memarlıq abidələri - məscidlər, dini sitayiş yerləri, qəbiristanlıqlar Ermənistan tərəfindən amansızcasına dağıdılıb, təhqir edilib və talanıb.

Əldə olunan faktlar onu deməyə əsas verir ki, Ermənistan azərbaycanlı əhaliyə qarşı insanlıq əleyhinə, habelə müharibə və digər ağır cinayətlər törətməklə yanaşı, beynəlxalq humanitar hüquq normalarını, o cümlədən “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il Konvensiyasının, “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyasının və “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyasının müddəalarını kobud şəkildə pozmuşdur. Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində yürütdüyü ekoloji terror siyasəti nəticəsində ölkəmizin təbiətinə - bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, regionun ekosisteminə vurulan ciddi zərərlə bağlı Ombudsman tərəfindən beynəlxalq ictimaiyyətə müraciətlər ünvanlamışdır.

Bununla yanaşı, Ombudsman Ermənistan tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyini ifadə edib, dünya ictimaiyyətini insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti