...

Separatçıların Laçın yolu planı ifşa olundu - Nəzarət-buraxılış məntəqəsi mütləq qurulmalıdır

Siyasət Materials 6 Mart 2023 09:44 (UTC +04:00)
Separatçıların Laçın yolu planı ifşa olundu - Nəzarət-buraxılış məntəqəsi mütləq qurulmalıdır
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusu ilə separatçlar arasında yaşanan son gərginlik Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasını daha da zəruri edir. Düzdür, ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya Qarabağdakı separatçıların silahla təchizatına ciddi zərbə vurub. Artıq 85 gündür Ermənistandan sülhməramlıların müvəqqəti nəzarətində olan əraziyə silah daşınmasının qarşısı alınıb. Buna baxmayaraq qanunsuz silahlı birləşmə üzvləri yenə Qarabağa silah daşımağa cəhdlər göstərirlər, başqa variantları işə salırlar. Baş verən son silahlı toqquşma buna ən böyük sübutdur.

Onlar silah ehtiyaclarını Laçın yoluna alternativ torpaq yollarla təmin etməyə çalışıblar. Amma Azərbaycan Ordusu onların bu cəhdinin qarşısını alıb. Əməliyyat nəticəsində qarşı tərəfdən 3 nəfər - “polkovnik-leytenant” Armen Babayan, “mayor” David Danielyan və “leytenant” Ararat Qasparyan öldürülüb. “Leytenant” David Hovsepyan isə güllə yarası alıb. Bu əməliyyat separatçıların Laçın yolu ilə bağlı planını ifşa etmiş oldu.

Silahlıların Azərbaycan ərazisinə Laçın yolu vasitəsi ilə daxil olduğu fakdır. Çünki həmin ərazidə giriş-çıxışa heç bir nəzarət yoxdur. Bu səbəbdən erməni silahlılar sərhədi maneəsiz keçir və Laçın rayonu ərazisindən dağ yolları ilə Xankəndiyə silah daşımağa cəhd göstərirlər. Ona görə də Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla separatçıların silah təchizatını tam kəsə bilər.

Düzdür, Ermənistan və digər maraqlı qüvvələr israrla üçtərəfli bəyanatlarda nəzarət-buraxış məntəqəsi ilə bağlı heç bir bəndin olmadığını deyirlər. Təbii ki, Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi qurması ikinci və üçüncü tərəfin imza atdığı bəyanatla tənzimlənmir. Bu məsələlər Azərbaycanın daxili qanunları ilə nizamlanır.

Separatçıların tərxibatına verilən cavab göstərdi ki, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması barədə məsələni müzakirə etmək fikrində deyil. Ölkənin Ali rəhbərliyi Laçın yolunda yoxlanış məntəqəsinin qurulması ilə bağlı qəti mövqe nümayiş etdirir.

Separatçılarla silahlı toqquşmadan sonra həm Müdafiə Nazirliyinin, həm də Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatlarda bu qəti mövqe hiss olunur.

Müdafiə Nazirliyi: "Baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir".

Xarici İşlər Nazirliyi: "Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir".

Rəsmi Bakı uzun müddətdir səbrlə davranır, gözləyir ki, üzərinə öhdəlik götürən Rusiya və Ermənistan, həmçinin, regionda uzunmüddətli sülhə töhfə vermək istəyən digər qüvvələr bu məsələdə qəti mövqe nümayiş etdirəcəklər. Amma proseslər göstərir ki, onlar uzunmüddətli sülhdə maraqlı deyillər. İstəyirlər ki, separatçılar Qarabağdakı fəaliyyətini daha da genişləndirsin, bölgədə vəziyyət daim gərgin qalsın.

Hətta silahların Qarabağa bölgədəki rus generalların əmri ilə də daşındığını ehtimal etmək olar. Çünki faktlar sübut edir ki, separatçılar bölgədə olan rus hərbçilərlə məsləhətləşməmiş heç bir addım atmırlar.

Hadisələrin gedişi göstərir ki, Bakı separatçıların dirçəldilməsi ilə bağlı planın qarşısını almaqda qərarlıdır. Qanunsuz silahlı birləşmələrin bölgədən çıxarılması 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın 4-cü bəndinə tam uyğundur. Bu bəyanatın icrası ilə bağlı öhdəliyi isə Rusiya və Ermənistan öz üzərinə götürüb. Proseslər göstərir ki, Moskva və İrəvan öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı həm Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, həm də erməni silahlıların bölgədən çıxarılması ilə bağlı konkret addımlar atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti