...

Prezident İlham Əliyevə göstərilən etimad - Qlobal güclər Azərbaycanı seçir

Siyasət Materials 13 Mart 2023 09:09 (UTC +04:00)
Prezident İlham Əliyevə göstərilən etimad - Qlobal güclər Azərbaycanı seçir
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq qarşıdurması müşahidə olunur. Hansı tərəfin qalib gələcəyini, yeni dünya nizamının planetimizin gələcəyinə necə təsir edəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Artıq dünya xalqları yeni nizama doğru gedən yolda bir sıra qlobal problemlərlə üzləşməyə başlayıblar. Belə problemlər sırasında dövlətlərin sərhəd təhlükəsizliyi, səhiyyə xidmətləri, iqlim problemləri, su qıtlığı, enerji və nəqliyyat dəhlizləri, ərzaq böhranı və digər məsələlər var.

Hazırda sadalanan problemlər müzakirə edilməsə, çıxış yolları axtarılmasa, əməkdaşlıq üçün platformalar formalaşdırılmasa, yeni dünya nizamı ilə bağlı təhdidlərin daha da artacağını deyə bilərik. Bu gün bölünmüş və yeni təhdidlərlə üz-üzə olan dünyanın problemlərini müzakirə etmək üçün platformanın formalaşdırılması da çətin məsələyə çevrilib. Çünki Şərq-Qərq qarşıdurması fonundan əks qütblərdə olan dövlətlərin, nüfuzlu maliyyə, iqtisadi və siyasi qurumların bir-birinə etibarı qalmayıb.

Belə bir inamsızlıq mühitində Azərbaycanın təşəbbüsləri on plana çıxır. Ona görə ki bu məsələdə hər iki qütbün etimadını qazanmağı bacarıb. Dünyanın müxtəlif yerlərində qarşıdurma içərisində olan qlobal güclər planetimizi təhdid edən problemləri müzakirə etmək üçün Bakını seçirlər. Bakıda 9-11 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu da belə seçimlər sırasındadır.

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən Forumu yuxarıda sadalanan problemlərin həllinə töhfə vermək baxımından ən uğurlu platforma hesab etmək olar. Prezident İlham Əliyev açılış mərasimində Forumun əhəmiyyəti barədə danışmışdı.

Sitat: "Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi, kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır".

Açılış mərasimindən sonra təşkil olunan panellərdə qlobal təhlükəsizliyi təhdid edən bir sıra məsələlər müzakirə olunub. Həqiqətən də X Qlobal Bakı Forumunda müzakirələr yüksək səviyyədə keçdi.

“Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən paneldə çıxış edən Norveçin keçmiş baş naziri Xyel Maqne yekunda münaqişələrin tənzimlənməsinin ən yaxşı metodunun sülh və diplomatiya olduğunu qeyd edib.

Bu məsələdə Azərbaycanın öz təcrübəsi var.

Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi dövründə problemin həlli üçün sülh və diplomatiyanı ön planda tutmuşdu. Amma qarşı tərəf Azərbaycanın sülhpərvər mövqeyinə adekvat reaksiya vermədiyi üçün münaqişəni güc yolu ilə həll edib qələbə qazandı. Forumun "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda təşkil olunan panelində də effektiv müzakirələr aparılıb.

Müzakirələr zamanı pandemiyanın fəsadlarına toxunan Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya bildirib ki, Azərbaycan COVID-19-dan ölüm səviyyəsinin aşağı olan ölkələrdəndir. Həqiqətən də Azərbaycanın koronavirusla mübarizə dövründə tətbiq etdiyi mübarizə metodu dünyaya nümunə göstərilə bilər. Avropanın ən aparıcı dövlətləri COVİD-19-la mübarizədə çıxılmaz vəziyyətə düşdüyü zamanda Azərbaycan öz modelini tətbiq edərək bu qlobal bəladan ən az ziyanla çıxmağı bacardı. Hətta Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının sədri kimi bir sıra təşəbbüslərlə çıxış edib, COVİD-19-la mübarizə aparan 80 üzv dövlətə maliyyə yardımı göstərib. Görüntüyü kimi, Azərbaycan səhiyyə xidmətləri sahəsində də cəlbedici təcrübəyə sahibdir.

Bundan başqa, "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən Forumun panel müzakirələrində Çin mövzusuna da yer ayrılıb. "Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" başlığı altında keçirilən müzakirələrdə Çinin dünya iqtisadiyyatında artan rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, Çində inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Qeyd edilib ki, bu, Çinin gələcəyi deməkdir və dünyanın inkişafına stimul verir. Moderator dünyanın qarşılaşdığı problemlər fonunda Çinin təcrübəsini öyrənməyin önəmini vurğulayıb. O, Çinin “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətini qeyd edib, bu layihənin bir çox ölkələrin inkişafına təsir göstərdiyini bildirib. Məlumdur ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinin ən mühüm həlqələrindən biridir. Bu səbəbdən “Orta dəhliz”in mərkəzində yerləşən Azərbaycan, Çin üçün ən strateji tərəfdaşlardan sırasındadır. Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərən rəsmi Pekini Forumda Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Almaniyada sabiq səfiri Vu Honqbo təmsil edib.

Paneldə çıxış edən Honqbo X Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib. Vu Honqbo bildirib ki, pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi.

Sitat: “Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm”.

“Bir kəmər, bir yol” layihəsinin gündəmdə olduğu dövrdə Azərbaycan nəqliyyat və yeni enerji dəhlizlərinin formalaşdırılmasında ən fəal dövlətlər sırasındadır.

Bu baxımda Forumun panel müzakirələrindən birinin “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusuna həsr olunması həm Bakı, həm də maraqlı tərəflər üçün böyük əhəmiyyət kəsb edir. Paneldə Azərbaycanın Avrasiyada müasir geosiyasi tələblərə uyğun yeni dəhlizlərin yaradılmasındakı rolundan və bu xüsusda Prezident İlham Əliyevin qitələrarası inteqrasiyanı daha da genişləndərəcək yeni təşəbbüsləri və Forumun açılışında bir daha bəyan edilən strateji baxışlarından bəhs edilib.

Bildirilib ki, təhlükəsiz enerji təchizatına ehtiyac və etibarlı tərəfdaş kimi ölkəmizə artan maraq Azərbaycanın enerji infastrukturları və enerji dəhlizlərini şaxələndirməsini təşviq edir. Bu ehtiyacın yaranacağını əvvəlcədən proqnozlaşdıran Azərbaycan, enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması üçün mühüm addımlar atıb. Buna misal olaraq, Azərbaycan ərazisindən keçən beynəlxalq əhəmiyyətli yolları, qaz və neft kəmərlərini qeyd etmək olar.

Ümumilikdə Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Artıq Avropa rəsmiləri Azərbaycanın “köhnə qitə”i “donmaqdan” xilas etdiyini xüsusilə vurğulayırlar. Ölkəmiz Avropanın “yaşıl enerji”yə olan tələbatını ödəmək üçün də xüsusi səy göstərir. Bu məqam Böyük Britaniyanın baş naziri Rişi Sunakın X Qlobal Bakı Forumuna ünvanlanan məktubunda xüsusi vurğulayıb.

Sunak bildirib ki, bu gün Azərbaycanın "yaşıl" enerji istehsalı təşəbbüsü, Qara dənizdən keçən enerji kəməri layihəsi çox vacibdir. "Böyük Britaniya “yaşıl enerji”yə keçid məsələsində Azərbaycanın əsas tərəfdaşı olacaq". Foruma olan xüsusi beynəlxalq maraq göstərir ki, Azərbaycan Çin, Böyük Britaniya və Avropanın qlobal siyasətə təsir edən digər böyük dövlətlərinin xüsusi dəstəyini qazanıb.

Qeyd edilən qlobal güclər əsk qütblərdə olsalar da, Azərbaycanla bağlı mövqeləri eynidir. Onlar Azərbaycanda əməkdaşlığı seçirlər. Ümumilikdə bu Forum Azərbaycanın “soyuq müharibə”dən sonra ən gərgin dövrünü yaşayan, parçalanmış, sağlamlıq və qida problemləri ilə üz-üzə qalan dünya ölkələrini bir araya gətirməyi bacardığını göstərir. Rəsmi Bakı bu tipli Forumların əsas təşəbbüskarı olmaqla dünya barışında oynaya biləcəyi rolu nümayiş etdirir, həmçinin öz təcrübəsini digər ölkələrlə bölüşür. Dünya gücləri Azərbaycana sivilizasiyaların toqquşduğu deyil, barışdığı, müzakirələrin aparıldığı və nəticələrin əldə olunduğu bir platforma kimi baxır.

Artıq Bakının Qafqazın siyasi Davosuna çevrildiyi rəsmi təsdiqini tapır. Bütün bunlar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün hədəflərə yönəldiyini, yeni dünya nizamında Bakının təşəbbüslərinin nəzər alınacağını bir daha sübut edir. Yəqin ki, müəyyən müddətdən sonra X Qlobal Bakı Forumundakı faydalı müzakirələrin yeni dünya nizamının formalaşdırılmasına təsirinin şahidi olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti