Bakı. Trend:
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 15-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov və digər rəsmi şəxslər müşayiət ediblər.