Bakı. Trend:
Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq sazişi investisiya əlaqələrinin inkişafına töhfə verəcək.
Bunu bazar ertəsi Trend-ə Bosniya və Herseqovina Rəyasət Heyətinin keçmiş üzvü, keçmiş xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç deyib.
"Bosniya və Herseqovina ilə Azərbaycan arasında əlaqələr çox vacibdir və biz bu əlaqələrin möhkəmlənməsinin başlanğıcındayıq. Azərbaycan Bosniya və Herseqovinanı bir çox humanitar layihələrdə dəstəkləyib, məsələn, Sarayevoda çox gözəl park salınması və Kotor-Varoşada tibb mərkəzinin tikintisi.
Bu, Bosniya və Herseqovinanın çoxmillətli bələdiyyəsinə mühüm sərmayədir, burada bosniyalılar, xorvatlar və serblər bir yerdə yaşayır", - deyə o bildirib.
M.İvaniç hesab edir ki, iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq sazişi mühüm addımdır.
"Ümid edirəm ki, bu Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasından sonra biz hər iki tərəfdən sərmayə yatırılmasını, müxtəlif sahələrdə, o cümlədən turizmdə əlaqələrin yaxşılaşmasını gözləmək olar. Biz Bosniya və Herseqovinanı Azərbaycanda, Azərbaycanı isə Bosniya və Herseqovinada daha çox tanıtmalıyıq", - deyə o bildirib.
M.İvaniç əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.
"Bosniya və Herseqovina kənd təsərrüfatı sahəsində çoxillik ənənələrə və böyük təcrübəyə malik ölkədir ki, bu da əməkdaşlıq üçün başqa sahəyə çevrilə bilər. Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qərbi Balkanlarda, xüsusən də Bosniya və Herseqovinada oynadığı mühüm rolu qeyd etməliyəm", - deyə o əlavə edib.