...

Baxın, həsəd aparın - Biz Azərbaycanıq!

Siyasət Analytics 6 May 2023 17:14 (UTC +04:00)
Baxın, həsəd aparın - Biz Azərbaycanıq!
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Azərbaycan onillər boyu erməni işğalında olmuş ərazilərini azad edəndən dərhal sonra bərpa və rekonstruksiya işlərinə başladı. Bu, çağdaş dünya ilə yanaşı, bəşər tarixində çox nadir baş verən, yaşanan hadisədir. Bütün savaşlardan sonra qalib ölkə nəfəs dərmək üçün müəyyən vaxtdan yararlanır, sonra isə viran qalmış ərazilərdə tikinti və bərpa işlərinə başlayır.

İllər, onillər əvvəl biz azərbaycanlılar anladıq ki, erməni işğalındakı torpaqlarımızı azad etmək üçün bizə BMT, ATƏT, AŞPA, digər beynəlxalq təşkilatlar, dünyanın böyük gücləri kömək edən deyillər. Beynəlxalq hüquqla bağlı illüziyalarımız da elə o zamandan bəri dağılmağa başladı. Həmin beynəlxalq hüquqa istinad edən siyasətçilər, dövlət və hökumət başçıları, təşkilatlar və qurumlar sürəkli olaraq işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistanı bir tutur, "problemi danışıqlar yolu ilə həll etməyə, nizamlamağa çalışın" deyirdilər.

Dərhal yox, ATƏT-in Minsk Qrupunun çərçivəsində bitib-tükənmək biliməyən danışıqlar əsnasında günlərin birində anladıq ki, güclü və qüdrətli ordumuz olmasa, torpaq üçün yox, şərəflə ləyaqət üçün döyüşməyə hazır gənc nəsil yetişdirməsək, işğal sonsuzadək davam edəcək, biz də şikayətlənməyə davam edəcəyik.

"Dünya birliyi hələ də susur.." - bu ifadə yadınızdamı?

Məhz o günlərdə Azərbaycan Ali Baş Komandanını gördü, anladı və onun əmrlərinin azadlığa, müstəqilliyə, işğaldan qurtulmağa aparan yeganə vasitə olduğunu dərk etdi.

Ali Baş Komandan İlham Əliyev ölkənin güc, millətin qüdrət əldə etməsinin mənbəyini açıqladı. O, çox təhlükəli çağırışlarla üzləşmiş ölkənin nicat yollarını göstərdi.

İndisə düzən və vəziyyət dəyişib. Tam 30 il ərazilərimizin 20 faizini işğalda saxlayan Ermənistanla bu ölkəyə sürəkli siyasi və mənəvi dəstək vermiş Qərb isteblişmenti istədikləri qədər şikayətlənə bilərlər.

Azərbaycan bəlirlədiyi yolunu gedir.

Prezident İlham Əliyevin Şərqi Zəngilan və Qarabağ iqtisadi rayonuna səfəri də bəhs etdiyimiz məcrada olan proseslərin davamıdır.

Dövlət başçısının səfər əsnasında gördüyü işlərin sadəcə siyahısına nəzər salaq.

Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyuldu, “Araz Vadisi İqtisadi Zonası” fəaliyyətə başladı, 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası işə salındı, Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməli qoyuldu, Zəngilanın Cahangirbəyli kəndinin təməli qoyuldu, Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və otel kompleksinin inşasına başlandı, Zəngilanda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işləri sürətləndi, Zəngilan Konqres Mərkəzi tikilməyə başlandı, Qubadlı rayonunun Zilanlı, Xanlıq və Mahruzlu kəndlərinin təməlləri qoyuldu, Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana və 600 şagird yerlik məktəb tikilməyə başlandı.

Habelə, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, Laçın rayonunun Güləbird kəndinin, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyulub, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməli qoyulub, Fizulidə yaşayış komplekslərinin inşası sürətləndirilib, Füzuli rayonunun Dədəli və Pirəhmədli kəndlərinin təməli qoyulub, Füzuli-Hadrut avtomobil yolunun açılışı olub, “Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı olub, Hadrut qəsəbəsində inzibati mərkəzin və ilk yaşayış məhəlləsinin təməlləri qoyulub, Hadrut qəsəbəsində 360 şagird yerlik məktəb binasının bərpasına başlanıb, Tuğ kəndində ilk yaşayış məhəlləsinin və inzibati mərkəzin təməli qoyulub, Cəbrayılın Horovlu kəndinin təməli qoyulub, Cəbrayıl şəhərində 960 şagird yerlik məktəb binasının tikintisi sürətləndirilib.

44 günlük İkinci Qarabağ Müharibəsini qələbə ilə başa çatdıraraq Ermənistanın kapitulyasiyaya vadar edilməsindən sonra dövlət başçımız Müzəffər Ali Baş Komandan həm də Qurucu oldu.

Torpaq mühafizə edilirsə, işğalçılar qovulursa, düşmən məğlub edilirsə, Vətən olur.

Vətən isə hər qarışı inkişaf və tərəqqidədirsə, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri gedirsə, Yurd olur.

Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonunda aparılan işlərə pafosdan uzaq rasionallıq, praqmatizm və müstəsna menecmentlə rəhbərlik edilir.

Təbii, onillər boyu erməni işğalında qalan, binaları və tikililəri, infrastrukturu və kommunikasiyaları darmadağın edilən, viran qoyulan ərazilərin bərpası asan deyil.

Daha doğrusu, heç asan deyil.

Lakin Azərbaycan son illərdə olduğu kimi, bu dəfə də çətinliklərə meydan oxuyur.

Dünya təcrübəsində nadir rast gəlinən hadisələri reallaşdırırıq: kənardan sərmayə axını olmadan, böyük investisiyaları cəlb etmədən, beynəlxalq maliyyə təşkilatlarından əhəmiyyətli həcmdə kreditlər almadan torpaqlarımızı yenidən həyata qaytarırıq.

Bərpa və ya rekonstruksiya deyil – həyatın Qarabağa qayıdışını reallaşdırırıq, çünki bərpa hər 10 evdən maksimum 8-i dağılan, rekonstruksiya isə iki yoldan biri sıradan çıxarılan məkanlarda olur.

Erməni işğalı isə düşmənin zooloji instinktlərə köklənmiş dağıdıcılıq və viranəlik mərəzinin apogeyi olduğundan azad edilmiş ərazilər sanki nüvə bombardmanına məruz qalmış torpaqlardır.

Fizuli və ya Zəngilan rayonlarında salamat ev tapmaq mümkün deyil. Cəbrayılda bir tikili (!) belə, normal vəziyyətdə deyil.

Təəccüblənmirik, çünki bu, adi ermənilik, erməni xislətidir. Amma kollektiv Qərbin siyasi elitaları, yenə bizə nəyi, nə zaman və necə etməyimiz gərəkdiyini tələbkar formada deyən, ağıl öyrətməyə və davranış modellərini əxz etdirməyə çalışan saxtakar, çoxüzlü və mənəviyyatsız qurumlar fəallaşıblar.

Halbuki onlar bu sayaq siyasi əxlaqsızlıq və mənəviyyatsızlıq izharlarına təəccüblənməliydilər – məntiqlə.

Azərbaycan unikal proseslərə təkan verib ki, onların arasında iki məqam xüsusilə önəmlidir.

İlk məqam ölkəmizin tədricən Cənubi Qafqazda makroiqtisadi azad ticarət, investisiya və sənaye zonasına çevrilməsidir. Birləşmiş Ərəb Əmirlikləri, Tayvan, Malayziya, Sinqapurun gerçəkləşdirdikləri strategiyalarla sürətli iqtisadi inkişaf proqramları Azərbaycanda həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdəki bərpa, rekonstruksiya, renovasiya və tikinti işləri sadəcə, həmin ərzilərin normal vəziyyətə qaytarılmasına yox, əsrin çağırışlarına cavab verən və hətta imkan yarandıqca, o çağırışları qabaqlayan ən modern infrastrukturun qurulmasıdır.

İkinci məqam isə Azərbaycanda sülh və stabilliyin, daxili siyasətdə ahəngin mövcudluğu investisiya axınını şərtləndirir. Sadalanan nüansların məcmusu ölkəmizə bölgənin ilk və ən perspektivli iqtisadi, sənaye və maliyyə arealına çevrilmək üçün ciddi şanslar yaradıb.

Azərbaycan inkişafda, irəliləyişdədir və qlobal geosiyasətdə iqtisadiyyatdakı situasiyanı nəzərə alsaq, uğurların miqyasını təfərrüatı ilə anlamaq olar.

İşğaldan azad edilən ərazilərdə isə işlər daha da sürətlənəcək.

Xəbər lenti

Xəbər lenti