Bakı. Trend:
Fransada baş vermiş hadisələr bir daha bu ölkənin xislətindən xəbər verir. Özünü demokratiya carçısı kimi dünyaya sırayan bu ölkənin güc strukturunun üzvü irqi zəmində 17 yaşlı bir yeniyetmənin həyatına son qoymaqla bir daha bu dövlətin simasını nümayiş etdirmiş oldu. Əlbəttə bu hadisə Fransa xalqı tərəfindən də ən sərt şəkildə qınanılmaqla kütləvi iğtişaşlara səbəb olub.
Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Hazırda Fransada baş vermiş hadisələr əslində Makron siyasətinin tam tənəzzülə uğramasının nəticəsidir. Çünki artıq Fransa xalqı da anlayır ki, Makronun xalqla rəftarı bir despot rəftarıdır. Sanki demokratiya mərkəzi olan Fransa artıq diktaturaya çevrilir. Polis tərəfindən qəddarcasına Əlcəzair əsilli bir yeniyetmənin soyuqqanlı şəkildə qətlə yetirilməsi bu dövlətin öz xalqı ilə rəftar formasından xəbər verir. Görünür, artıq Makronun demokratiya, tolerantlıq kimi məfhumlar yadından çıxıb. Artıq kütləvi itaətsizlik göstərmiş Fransa xalqı ölkənin gələcəyinin bu siyasətçiyə əmanət olunmasından da narazı olduğunu göstərir. Fransanın bir neçə şəhərində kütləvi etiraz dalğası başlayıb. Xarici siyasətində çoxsaylı uğursuzluqlara məruz qalan Fransa ölkə daxilində də ciddi problemlərlə üzləşib. Bu vəziyyətdə Fransa prezidenti Emmanuel Makronun və komandasının nüfuzu daha böyük sürətlə sarsılır. Fransa vaxtilə elə Azərbaycan da daxil olmaqla bəzi dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə öz daxili siyasitəni düzgün yeritsəydi bu gün Markona qarşı belə bir kütləvi iğtişaş olmazdı. Bu gün Fransada vəziyyət elədir ki, sanki hökümət cəmiyyət qarşısında heç bir güzəştə getmək tərəfdarı deyil. Əksinə demokratik sütunları dağıtmaqla məşğuldur. Təəssüfedici məqam isə ondan ibarətdir ki, bütün bunlara qərb medias, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Sanki Fransa kimi ölkələrdə insan haqlarının, hüquqlarının pozulması normal bir haldır. Ancaq digərlərində cüzi bir lokal hadisə dünyada gündəm yaradacaq bir hala çevrilir. Yaxşı olardı ki xüsusilə də Qərb və Avropa institutları, AŞPA, AP kimi qurumlar öz daxili aləmlərinə də göz gəzdirərdilər”, - deyə Vüqar İskəndərov bildirib.