Bakı. Trend:
Fransa işğalçı bir dövlətdir. Müstəmləkəçiliyin başlanğıcı zorakılıqla, hərbi qüvvə tətbiqi ilə başladı.
Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor deyib.
“Bizim ərazilərimizin 90 faizi Fransa tərəfindən işğal edilib, idarə olunurdu. Burada yerli xalqlar azaldılıb. Yerli xalqların hüquqları tanınmayıb. Bütün təbii resursların istifadəsi bizə qadağan edildi”,- deyə o əlavə edib.
O, açıqlamasının ardında qeyd edib: "Fransa işçiləri müqavilə ilə işə götürmür. Kasıblıq həddi 5 il ərzində 30 faizdən 54 faizə yüksəlib. Fransanın siyasəti həmçinin yerli xalqın mədəniyyətinin inkişafına mane olur və fransız dilindən istifadəni diktə edirlər. Yerli dildən istifadəyə icazə vermirlər. Məktəblərdə tədris edilən dərslər belə Fransa tərəfindən seçilir və ölkəmizi coğrafiyada Fransaya məxsus təqdim edirlər".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.
Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".