Bakı.Trend:
Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır.
Trend xəbər verir ki, bu barədə İcmanın məlumatında bildirilib.
“Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ
bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın
beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır. Belə
ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar
Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində
ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq,
Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb
edirlər. Ermənistanın fitnəsi ilə həmin ünsürlər Ağdam-Xankəndi
yolunu beton bloklar ilə döşəyərək bağlayıb. Həmin qüvvələr bunu
nümayişkaranə şəkildə edib, yolun bağlanması aktının
videogörüntülərini yayıb və həmin yoldan sadə insanların təchizatı
üçün istifadəsinə imkan verməyəcəkləri barədə bəyanat veriblər.
Bu baxımdan T.Koksun qeyd etdiyi faktaraşdırıcı missiya Qarabağ
bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı
olan Azərbaycana deyil, qərbi azərbaycanlıları Ermənistandan
qovmuş, onların qayıdış hüququnu inkar edən Ermənistana
göndərilməlidir.
T.Koksa xatırladırıq ki, AŞPA-nın Ermənistan üzrə həm-məruzəçiləri Qərbi Azərbaycan İcmasının 1 mart 2023-cü il tarixdə onlara ünvanladığı məktuba hələ də cavab verməmişlər. Sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcması T.Koksu insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Ermənistanla dialoq təklifimizə və Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışa ictimai dəstək verməyə çağırır” - açıqlamada deyilib.