...

Azərbaycan erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır - Naqif Həmzəyev

Siyasət Materials 17 Avqust 2023 16:53 (UTC +04:00)
Azərbaycan erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır - Naqif Həmzəyev

Bakı. Trend:

Azərbaycan hökuməti hərtərəfli erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır.

Trend xəbər verir ki, bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"BMT TŞ-də Ermənistanın istəyi əsasında aparılan müzakirələr bir daha fürsət yaratdı ki, biz ermənilərin əsl simasını dünyaya göstərə bilək. Ermənilərin qeyri-səmimi istəkləri dünya ictimaiyyətinə nümayiş etdirildi.

Azərbaycanın Cənubi Qafqazda sülh və əmin-amanlıq istəyən tərəf kimi mövqeyini nümayiş etdirməsi, düşünürəm ki, beynəlxalq gücləri düşünməyə, Ermənistanı dəstəkləyən qüvvələri isə reallıqları dərk etməyə imkan yaratdı.

Azərbaycan üç ilə yaxın bir müddət ərzində Ermənistanı sülhə məcburetmə siyasətini uğurla həyata keçirir. Biz beynəlxalq hüquqa söykənərək, işlərimizi mərhələli şəkildə həyata keçiririk və Laçın yolu üzərində qurulmuş nəzarət-keçid məntəqəsi, əslində, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün qurulub",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, görünən odur ki, hələ də Azərbaycan ərazisində mövcudluğunu davam etdirən separatçılar – qanunsuz erməni silahlı dəstələri hər an təhlükə mənbəyi kimi çıxış edirlər və onlar, təəssüflər olsun ki, Azərbaycan ərazisində yaşayan erməni əhalini əsir saxlamaqla, öz mövcudiyyətlərini davam etdirirlər.

"Azərbaycan isə bu separatçıların silahlanmasını istəmir, onlara daşınan silah-sursatların, təlim keçən hansısa başqa ölkələrin vətəndaşı olan terrorçuların bu ərazilərə gəlməsində maraqlı deyil. Məqsədimiz isə regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasıdır. Dünən BMT TŞ-də Azərbaycan nümayəndə heyətlərinin arqumentləri tutarlı idi və biz nə dərəcədə sülh istədiyimizi dünya ictimaiyyətinə bir daha sübut etdik, Ermənistanın əsl siması dünyaya nümayiş etdirildi.

Düşünürəm ki, BMT TŞ-də Ermənistanın növbəti məğlubiyyəti və bu toplantıdan əliboş qayıtmaları onları yenidən düşünməyə vadar edəcək, Ermənistan məcbur olub Azərbaycanla sülh anlaşmasını imzalayacaq",- deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, ermənilər yaradılmış “humanitar tır” şousuna son qoymalıdırlar və ya ancaq Azərbaycanın təklif etdiyi alternativ yollardan istifadə edərək, Xankəndiyə bu maşınlar daxil ola bilər. Onlar isə bu yolu seçmir, əksinə, Azərbaycanla kommunikasiyaları bağlayır və bununla öz əsl istəklərini ortaya qoyurlar. Ermənilər bununla da bir daha sübut edirlər ki, qətiyyən sülh istəmirlər, təxribatlara və Azərbaycana qarşı olan ərazi iddialarına davam edirlər.

"Onlar erməni əhalisinin bu ərazilərdə yaşamasından istifadə edərək, öz istəklərini reallaşdırmaq istəyirlər. Hələ də Naxçıvanla Azərbaycan arasında kommunikasiyaların açılmasını reallaşdırmayıblar. Orada hansısa bir tikinti-təmir işləri həyata keçirilmir. Azərbaycan nümayəndə heyəti Yaşar Əliyevin səsləndirdiyi arqumentlərdə olduğu kimi, əgər Xankəndidə yaşayan ermənilərin humanitar problemi varsa, onlar, həqiqətən, acından ölürlərsə, necə ola bilir ki, onlar ad günləri, toy, xeyir işləri keçirirlər? Yaşar Əliyevin bunları fotofaktlarla sübut etməsi, düşünürəm ki, onu deməyə imkan verir ki, ermənilər şou yaradırlar və hətta hazırdılar ki, özləri hansısa təxribatlar törətsinlər, yeni şoular yaratsınlar və dünya ictimaiyyətini dezinformasiyalarla çaşdırsınlar", - deyə o qeyd edib.

"Azərbaycan hökuməti hərtərəfli erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır və düşünürəm ki, qarşıda bizi daha ciddi erməni təxribatları gözləyir. Biz mərhələli şəkildə bu təxribatları dəf etməklə öz hədəfimizə çatacağıq, regionda uzunmüddətli və dayanıqlı sülhü əldə edəcəyik", - Milli Məclisin deputatı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti