...

Erməni separatçılar artıq yolun sonuna gəldiklərini başa düşür - Deputat

Siyasət Materials 21 Avqust 2023 16:22 (UTC +04:00)
Erməni separatçılar artıq yolun sonuna gəldiklərini başa düşür - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda olan erməni separatçılar artıq başa düşürlər ki, Azərbaycanın qətiyyətli mövqeyi qarşısında heç nə edə bilmirlər və Azərbaycan ərazisini tərk edirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə müxtəlif platformalardan bəyan etmişdi ki, separatizmi dəstəkləyən qüvvələr Azərbaycan ərazilərini tərk etməlidirlər, yalnız Azərbaycan qanunları altında yaşamaq istəyən erməni əsilli vətəndaşlar orada qala bilərlər.

“Ermənistan, onun havadarları, erməni lobbisi, o cümlədən qondarma rejimin separatçı rəhbərləri dəfələrlə Azərbaycana qarşı təxribatlar törətməyə çalışsalar da, Azərbaycan dövləti tərəfindən aparılan qətiyyətli siyasət və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atdığı addımlar qarşısında onların bu təxribatları iflasa uğradı.

Əlbəttə ki, bunun kökündə cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti dayanır Azərbaycanın haqlı mövqeyi dayanır və artıq dünyanın Azərbaycanla razılaşması dayanır”, - deyə deputat bildirib.

C.Osmanovun sözlərinə görə, son gün ərzində 60 erməninin "Laçın" sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisini tərk etməsi və onların əksəriyyətinin Rusiya vətəndaşı olduğunu nəzərə alsaq görərik ki, onlar əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.

“Onlar da artıq yolun sonuna gəldiklərini anlayıblar və Azərbaycan ərazilərini tərk edirlər. Bu, Azərbaycanın növbəti qələbəsidir və bir neçə gün öncə Ermənistanın BMT Təhlükəsizlik Şurasında uğursuzluğunun ardınca separatçıların Qarabağı tərk etməsi Azərbaycanın uğurudur və qətiyyətli siyasətinin göstəricisidir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndidən gəlib Gorus istiqamətinə keçib.

"Laçın" sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyib. Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti