Bakı. Trend:
Qərbi Azərbaycan İcması olaraq Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatları qınayırıq.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur:
“Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına göz yuman, Azərbaycanın təkidli müraciətlərinə cavab olaraq, Avropa Şurasının bu məsələ ilə məşğul olmadığını bildirənlər indi nədənsə Azərbaycanın qanuni tədbirləri ilə bağlı narahat olmağa başlayıblar. Biz Avropa Şurasını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”, - deyə əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.