Bakı. Trend:
Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.
Trend xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə səsləndirib. Onun sözlərinə görə, bu gün Ermənistan silahlı qüvvələri tərksilah edilir, onların ərazilərimizdən çıxarılması prosesi davam edir. Həmin silahlı qüvvələrin minlərlə silahı və hərbi texnikası var. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə onların ərazilərimizdən çıxarılmasının vacibliyi ilə bağlı çağırış edəndə haqlı idi.
Spiker Sahibə Qafarova Fransa parlamentinin rəhbərinə xatırladıb
ki, Azərbaycan parlamentinin sədri kimi ona bu barədə bir neçə
məktub göndərib. O, bu görüşdə də bir daha qeyd edib ki, Azərbaycan
sülh və sabitlik istəyir.
Milli Məclisin sədri Qarabağın erməni sakinlərinin Azərbaycan
cəmiyyətinə inteqrasiya olunması ilə bağlı dialoq aparıldığını,
qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qarabağın
erməni icmasının nümayəndələri arasında iki görüş keçirildiyini
bildirib. Sahibə Qafarova deyib ki, Qarabağın erməni sakinləri
Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları Azərbaycan
qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin
ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir. Əgər
kimsə getmək istəyirsə, bu, onun azad seçimidir və Azərbaycan
onların hərəkət azadlığını və təhlükəsizliyini təmin edir.
Spiker Sahibə Qafarova görüşdə həmçinin, Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib.