Bakı. Trend:
Fransanın Ermənistanla imzaladığı, ikinciyə 3 komplektasiyada GM-200 radiolokasiya stansiyası (RLS) və “Mistral” portativ zenit-raket sistemlərinin “satışı”nı nəzərdə tutan müqavilə, regionda hərbi güc amilinin dəyişməsinə imkan verməsə də, istisansız olaraq, sülh prosesinin qarşısının alınmasına yönəlmiş addım kimi dəyərləndirilməlidir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Fransanın məqsədi təkcə Cənubi Qafqaza deyil, bütövlükdə keçmiş SSRİ məkanına müdaxilə etməkdən ibarətdir və Paris bu addımlarıyla Rusiyanın təsir dairəsindən çıxmağa təhrik olunan ölkələr üçün həm də alternativ silah tədarükçüsünə çevrilməklə, həm də Moskvanın bu istiqamətdəki dominantlığına zərbə vurmaq istəyir.
"Amma əsas hədəf Cənubi Qafqazdır və Fransa Afrikada, həmçinin öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən “dənizarxası ərazilərində” iflasa uğramaqda olan neomüstəmləkəçilik siyasətini Ön Asiyanın bu ən həssas və strateji bölgəsinə daşımaqla subregional və regional təhlükəsizlik mexanizmlərinə, qarşılıqlı faydalılıq prinsipi üzərində qurulan, enerji, logistika və digər sahələri əhatə edən inteqrasiya prosesinə zərbə vurmağa çalışır.
Fransanın getdikcə aqressivləşməkdə olan ritorika və davranışlarından belə anlaşılır ki, Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşması və Cənubi Qafqazda davamlı sülhə nail olunması, heç vaxt, o cümlədən Azərbaycan torpaqlarının işğal altında qaldığı zaman kəsiyində də rəsmi Parisin siyasi gündəliyində yer almayıb. İşğal dövründə Fransa, çox güman ki, Ermənistanın regional himayəçilərində qıcıq yaratmamaq üçün aqressiyasını qismən də olsa gizlətməyə çalışır, vasitəçiliyin yamaqlı maskası altında gizlənməklə sonsuz və mənasız danışıqlar prosesi vasitəsilə bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışırdı.
Rəsmi Parisin 44 günlük müharibənin ilk günlərindən başlayan və getdikcə daha da azğınlaşan davranışları da sübuta yetirir ki, Fransa Cənubi Qafqazdakı reallıqların dəyişə biləcəyini, Azərbaycanın öz ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış ərazilərin üzərində suveren hüquqlarını bərpa edəcəyini proqnozlaşdırmayıb. Rəsmi Parisin, hətta feodal dövrünün dövlətlərarası münasibətlərini də kölgədə qoya biləcək çırpıntılarının təməlində də, çox güman ki, bu amil dayanır", - deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, Fransa nəyin bahasına olursa-olsun bölgədəki münaqişəli vəziyyətin yenidən “püskürməsini”, regionun xarici müdaxilələrə açıq olması üçün xaosa yuvarlanmasını istəyir.
"Ermənistanı silahlandırmaq və bu prosesə digər Qərb ölkələrini qoşmaq cəhdi də rəsmi Parisin Cənibi Qafqazı öz neomüstəmləkiçi hədəfinin daha geniş müstəviyə daşınması üçün plasdarma çevirmək niyyətindən qaynaqlanır.
Makronun və ətrafının mifik və qondarma “erməni məsələsi” üzərindən sərgilədikləri azğın mövqe, nəinki Ermənistanın indiki hakimiyyətinin, hətta ultramillətçi erməni təşkilatlarının və ideoloqlarının canfəşanlıqlarını belə kölgədə qoyur. Lokal antiterror tədbirlərindən, hədəfə çatmaq vasitəsi terror və etnik təmizləmə olan silahlı separatizmin və onun zinadan törəyən tör-töküntülərinin ağ bayraq qaldıraraq təslim olmalarından, Azərbaycanın Xankəndi, Xocavənd, Ağdərə, Xocalı və Əsgəran rayonları üzərində suveren hüquqlarımızın tam bərpasından sonra Fransanın daxili və beynəlxalq gündəliyi bir kənara qoyaraq, Cənubi Qafqazla uğraşması sübuta yetirir ki, Parisin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində xüsusi canfəşanlıqla, bitib tükənməyən təxribatları, yalan və böhtan kampaniyalarıyla iştiraka can atması, istisnasız olaraq, sülh müqaviləsinə maneə yaratmaq məqsədi daşıyıb.
Misalı Makrona yaxın, məşhur el məsəlində dedeyildiyi kimi, “it əl çəkdi, motal əl çəkmədi”. Fransa-Ermənistan münasibətlərinin hansı “dəyərlər” üzərində qurulduğunu nəzərə alsaq, iqtibas gətirdiyim el məsəlindəki “it” və “motal” sözlərinin yerini dəyişmək də mümkündür.
Qeyd edim ki, Fransanın Ermənistana ötürmək istədiyi silahların “müdafiə xarakterli” olması barədə deyilənlər, cəfəngiyyatdan başqa bir şey deyil.
Məsələn, “Mistral” portativ zenit-raket sistemləri döyüş əməliyyatları zamanı, əsasən quru qoşunlarının hava hücümundan müdafiəsi üçün nəzərdə tutulub. “GM-200” radiolakasiya stansiyası da, sistemin çox rahatlıqla daşına biləcəyi nəzərə alınarsa, eyni məqsədə xidmət edir. Bu isə Parisin əsas hədəfinin Ermənsitandakı revanşçı meyilləri stimullaşdırmaqdan, sülh müqaviləsinin imazlanmasına maneə yaratmaqdan ibarət olduğunu təsdiqləyir.
Fransanın Cənubi Qafqazdakı “iştahı”nın sərhədləri, sadəcə Ermənistana silah-sursatın, hərbi texnikanın ötürülməsi ilə yekunlaşmır. Avropa İttifaqının Ermənistana “mülki” missiyasının göndərilməsinə arabulçuluq edən Fransanın könlündən, indi də “hərbi misssiya” sevdası keçir.
Artıq bir sıra Avropa ölkələri də Fransanın bu “sevdası”na dəstək verməyə çağırışlar edir, səlibçi olanlarının sərhdlərini Cənubi Qafqaza qədər uzatmaq istəyirlər.
Bütün bunlar, bir daha Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdə, həmçinin öz əraziləri üzərində suveren hüquqlarını tam bərpa etməkdə, işğalçılığın, separatizmin, terrorizmin kökünü kəsməkdə nə qədər haqlı olduğunu bir daha sübuta yetirir.
Fransanın Ermənistanı silahlandırmaq və yeni münaqişə ocağı ayaratmaq cəhdinin nəticəsi isə çox ağır ola bilər. Görünür, rəsmi Paris Bakıdakı Hərbi Qənimətlər Parkında öz hərbi texnikasının da nümayiş etdirilməsini arzulayır", - deyə siyasi şərhçi əlavə edib.