Bakı. Trend:
2024-cü ilin dövlət büdcəsi suveren Azərbaycanın büdcəsi olacaq.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri bildirib ki, qarşıdan mühüm dövlət bayramları gəlir. "Milli Məclisdə büdcə müzakirələrinin tarixi bayram günlərində keçirilməsi də rəmzi məna daşıyır", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.