Bakı. Trend:
Vətən müharibəsinin tarixi qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Ağdam şəhərinin işğaldan azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş Nazirinin imzaladığı birgə Bəyanata əsasən 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.
1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vəhşilik həyata keçiriblər. Ağdam şəhərində və rayonun kəndlərində evlər, ictimai binalar, məktəblər, xəstəxanalar, istehsalat müəssisələri talan edilib, dağıdılıb və yandırılıb. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində yalnız xarabalıqlar qalıb. Ağdama səfər edən xarici jurnalistlər oranı Qafqazın “Xirosima”sı adlandırırlar. İşğaldan azad olunmuş Ağdama səfər edən Prezident cənab İlham Əliyev deyib: “Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər”.
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 noyabr 2020-ci il tarixli xalqa müraciətində rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını söyləyərək bildirmişdi: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da
həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük
quruculuq, təmir-bərpa işləri aparılır. Baş plana əsasən burada
ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq, fərdi evlər
və çoxmərtəbəli yaşayış binaları inşa olunacaq. Artıq şəhərdə ilk
yaşayış məhəlləsinin və 1 nömrəli tam orta məktəbin tikintisi
həyata keçirilir. Ümumilikdə Ağdam şəhərində 15 məktəb və uşaq
bağçasının inşası planlaşdırılıb. İşğaldan azad edilmiş digər
ərazilərimizdə olduğu kimi, Ağdam rayonunda da bir sıra mühüm
infrastruktur layihələrinin icrasına başlanılıb. Hazırda
Bərdə-Ağdam, Ağdam-Füzuli avtomobil yollarının, Bərdə-Ağdam dəmir
yolunun tikintisi davam etdirilir. Ağdam-Hindarx-Ağcabədi avtomobil
yolu da yenidən çəkilərək vətəndaşların istifadəsinə veriləcək.
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri
çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata
keçirilir. Belə ki, Pənahəli xanın sarayının yerləşdiyi “İmarət”
kompleksində, Ağdam “Cümə” məscidində və Qiyaslı məscidində də
bərpa işlərinə başlanılıb. Xurşidbanu Natəvanın “İmarət”
kompleksindəki qəbirüstü abidəsi bərpa edilib. İmarət kompleksi,
Ağdam “Cümə” məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər
abidələrimiz bölgəni həm də turizm baxımından tanıtdıracaq. Rayonda
iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə bir sıra
layihələr də icra olunur. Onlardan biri Ağdam Sənaye Parkıdır.
Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti
materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının
qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları,
yem, gübrə istehsalı, emalı, eyni zamanda xidmət sahələrinin
soyuducu kameraların və sair təşkili müəyyənləşdirilib.
Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin yaxınlığında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Göründüyü kimi azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb. Çox keçməyəcək ki, onun əvvəlki acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl bir şəhər görəcəyik və öz ata-baba yurdlarından didərgin düşmüş ağdamlılar doğma şəhərlərinə qayıdacaqlar.
Milli Məclisin deputatı,
Rauf Əliyev