Bakı. Trend:
Macarıstan və Azərbaycan qardaş ölkələrdir.
Trend cümə günü xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
"Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz Mərkəzi Asiya ölkələri və Azərbaycanla qardaş ölkələrik", - Orban deyib.
O həmçinin, Macarıstanda Azərbaycana investisiya qoyan çox sayda şirkətin olduğunu qeyd edib.
"Avropada Mərkəzi Asiyianı rəqəmsal və nəqliyyat marşrutlarını birləşdirən region olaraq qəbul edirlər. İnanırıq ki, Şərq-Qərb marşrutu üzrə təhlükəsiz nəqliyyat daşınmaları mümkündür", - deyə baş nazir əlavə edib.
Onun sözlərinə görə, Macarıstan Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlığı möhkəmləndirən bütün təşəbbüsləri dəstəkləyir.
Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.
Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)