...

Növbədənkənar Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşəcək - Deputat

Siyasət Materials 8 Dekabr 2023 18:47 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin imzalamış olduğu Sərəncamla gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Sözsüz ki, bu tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı hesab olunur. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə etməsi isə olduqca qürurverici bir önəm kəsb edir. Bununla da ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə prezident seçkiləri baş tutacaq.

Bunu Trend-ə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yeni reallıq formalaşdırıb: “Bu mənada gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Sözsüz ki, cənab Prezident İlham Əliyevin verdiyi bütün qərarlar Azərbaycan xalqının maraqlarına və mənafeyinə xidmət edib. Hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ən qüdrətli bir dövrünü yaşayır”.

Deputat hesab edir ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında verilmiş Sərəncam Prezident İlham Əliyev tərəfindən atılmış növbəti uğurlu və mütərəqqi bir addımdır:

“Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövründə ölkəmiz olduqca böyük uğurlara imza atıb. Bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib. Azərbaycanın iştirakı və razılığı olmadan heç bir regional layihə reallaşa bilmir. Ölkəmiz öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə əslində beynəlxalq hüququn qərar və prinsiplərinə sadiqliyini, dünya birliyinin layiqli üzvü olduğunu bir daha təsdiq etmiş oldu”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi, qətiyyəti sayəsində Azərbaycan artıq regional və beynəlxalq səviyyədə təşəbbüskar ölkə kimi çıxış edir: “Məhz cənab Prezidentin praqmatik siyasətinin nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməklə yeni çağırışların, təsəbbüşlərin və mütərəqqi ideyaların reallaşmasına mühüm töhvə verib. Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycan bu gün qalib ölkə kimi şərtləri diktə edən tərəfdir. Bütün bunlar isə məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir”.

Sevinc Hüseynova vurğulayıb ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşəcək: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Şanlı üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandan tərəfindən Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandırıldı. Bu mənada qarşıdakı növbədənkənar prezident seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin növbəti ifadəsi kimi tarixə düşəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti