...

Hikmət Hacıyev Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib (FOTO)

Siyasət Materials 26 Yanvar 2024 20:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dəyərli Mövlud bəy (Mövlud Çavuşoğlu) AŞPA-da Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

"Dəyərli Mövlud bəy, PACE-də (AŞPA – red.) Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə", - Hikmət Hacıyev qeyd edib.

Digər paylaşımında isə, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna təşəkkürünü ifadə edib.

"Dəyərli və əziz Qardaşım daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbər olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz", - o qeyd edib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu və Fəxrəddin Altun AŞPA-da ölkəmizə qarşı haqsızlığa qəti və birmənalı mövqe göstəriblər. AŞPA-nın Azərbaycana qarşı qərarının qeyri-obyektiv və qeyri-konstruktiv olduğunu bildirən Mövlud Çavuşoğlu yazıb: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir.

Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”.

Fəxrəddin Altun isə sosial şəbəkə hesabında bildirib ki, Türkiyə dezinformasiya ilə mübarizə sahəsində Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edəcək. O qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə koordinasiyalı şəkildə çalışır: “Bizim üçün dost və qardaş ölkə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və paylaşılan yalan xəbərləri ifşa etmək çox vacib, təməl məsələdir. Bu, həm qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.

O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.

“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa birlikdə davam edəcəyik”, - Fəxrəddin Altun əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti