Bakı. Trend:
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan-Ermənistan sərhəddində toqquşmaları "narahatlıq doğuran xəbərlər" adlandırıb.
Trend bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.
"Diqqətlə müşahidə aparacağıq", - deyən Peskov bu cür hadisələrin danışıqlar prosesinin təşviqinə və Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanma anına yaxınlaşmağa imkan yaratmadığını əlavə edib.
Peskov sülh sazişinin imzalanması məqsədilə danışıqlar prosesinin davamına ümid etdiyini bildirib.
Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
"Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub.