Bakı. Trend:
Ermənistan Aİ və ABŞ-lə üçtərəfli görüşdən əvvəl təxribatlarını aqressiv şəkildə həyata keçirməyə başladı.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, bu ölkə həm ehtiyatda olan hərbçiləri toplanışa cəlb eləməyə başladı həm də sərhədə yaxın bölgələrə kifayət qədər silah, texnika və heyət daşınmasını həyata keçirdi:
"Ermənilər atəşkəsi intensiv şəkildə pozmaqla mühəndis fortifikasiya qurğularını inşa etməyə başladı. Görünür, fərarilər ordusu Ermənistan macəralar axtarır. Ordumuz İrəvanı bu təxribatlara görə daha sərt cəzalandırmaq imkanlarına malikdir. Təqdim edilən görüntülərdən məlum olur ki, düşmən ordusunun hərəkəti və manevrləri ordumuzun nəzarəti altındadır".
Ə.Verdiyev vurğulayıb ki, atəşkəsin pozulmasının intensivləşməsi onu göstərir ki, Qərb dövlətlərinin, Avropa İttifaqının, xüsusilə Fransanın Ermənistana verdiyi hərbi-siyasi dəstək nəticəsində düşmən vəziyyəti gərginləşdirməyə və Azərbaycana qarşı addımlar atmağa çalışır.
"Lakin bu addımlar da digərləri kimi heç bir nəticə verməyəcək. Ordumuz bu təxribatların qarşısını almaq üçün kifayət qədər gücə malikdir. Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlki çıxışlarında anklav kəndlərimizin ən azı dördünü qaytarmaq barədə görüşlər keçirirdi. Amma 5 aprel görüşünün zamanı məlum olduqdan sonra Ermənistana verilən bəzi vədlər onları cəsarətləndirdi.
Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlar ordumuzun şəxsi heyətinin sağlamlığına və həyatına ciddi təhdidlər yaradır. Bu təhdidləri Azərbaycan preventiv olaraq zərərsizləşdirmək hüququna malikdir", - deyə o qeyd edib.