...

Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır - ŞƏRH

Siyasət Materials 20 Aprel 2024 12:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir güllə də atılmadan, qan tökülmədən əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması təmin edildi. Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırdı və bu istiqamətdə daim intensiv iş aparıldı. Bu gün biz bu prosesin məntiqi sonunu görürük.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov və siyasi şərhçi Elçin Mirzəbəyli Trend-ə açıqlama verib.

V.İskəndərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan növbəti tarixi uğura imza atdı.

“Necə ki, 2020-ci ildə bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edilmişdi, eləcə də, əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması təmin edildi”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzminin növbəti ifadəsidir.

“Bəlli olduğu kimi, Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırdı və bu istiqamətdə daim intensiv iş aparıldı. Bu gün qətiyyət və əzmkarlıqla aparılan işin, bəhs edilən prosesin məntiqi sonunu görürük. Bununla da istər Ermənistan, istər onun xarici havadarları, istərsə də ümumilikdə dünya birliyi Prezident İlham Əliyevin qətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzminin növbəti bariz nümunəsinin şahidi oldu”, - deyə o qeyd edib.

V.İskəndərovun sözlərinə görə, delimitasiya prosesində ilk addımın məhz Qazax istiqamətindən başlaması da Azərbaycanın israrının, qətiyyətinin nəticəsidir.

“Bu, həm də Cənubi Qafqazı yeni müharibə ocağına çevirmək istəyən Qərbin bəlli dairələrinin, o cümlədən, Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır. Onlar prosesə müdaxilə etməyə çalışsalar da, Azərbaycanın qətiyyəti öz sözünü dedi. Nəticədə də Azərbaycan və Ermənistan ortaq dil tapa bildilər və bu məsələni özləri həll edə bildilər. Bu, eyni zamanda, bir həqiqəti də növbəti dəfə təsdiq etdi - Qərb imperialistləri Azərbaycan-Ermənistan prosesindən nə qədər uzaq olsalar, Cənubi Qafqazda bir o qədər tez sülh və firavanlıq hökm sürəcək”, - deyə o əlavə edib.

E.Mirzəbəyli isə bildirib ki, Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması uzun illərdən bəri həyata keçirilən, 44 günlük müharibənin ilk günündən başlayaraq, özünü istər döyüş meydanında, istərsə də diplomatik arenada büruzə verən, Ordumuzun Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunması ilə nəticələnən ardıcıl, sistemli, milli iradəni ifadə edən siyasətin növbəti qələbəsidir.

“Artıq delimitasiya prosesində ilk mühüm addım atılıb, Azərbaycanla Ermənistan arasında Cənubi Qafqaza müdaxilə üçün zəmin hazırlamağa çalışan üçüncü qüvvələrin müdaxiləsinə imkan verilmədən nəticəyönümlü razılaşma əldə olunub. Bu isə rəsmi Bakının Azərbaycanla Ermənsitan arasındakı bütün məsələlərin kənar qüvvələrin müdaxiləsinə yol verilmədən həll olunması ilə bağlı prinsipial mövqeyinin üstün gəlməsi, qəbul edilməsi və reallığa çevrilməsidir.

İstər 2023-cü ilin sonlarında Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar yolu ilə əldə olunan razılaşmalar, istərsə də Qazax rayonunun anklav olmayan kəndlərinin işğalına son qoyulması ilə başlayan delimitasiya prosesi ölkəmizin Cənubi Qafqazda davamlı sülhə nail olunması ilə bağlı baxış bucağının nə qədər doğru və alternativsiz olduğunu sübuta yetirir.

Məlum olduğu kimi, Azərbaycan delimitasiya prosesinin məhz Qazax rayonu istiqamətindən, həm də kənar qüvvələrin iştirakı olmadan, yalnız iki ölkənin səlahiyyətli təmsilçilərinin iştirakı ilə başlanılmasında israr edirdi, amma Avropa İttifaqı, ABŞ və bir sıra digər Qərb dövlətləri bu proses ətrafında gərginlik və süni ajiotaj yaratmağa, Azərbaycanın guya müharibəyə hazırlaşdığını, Ermənistanın isə müdafiəyə ehtiyacı olduğunu beynəlxalq gündəmə daşımağa çalışırdılar.

Məqsəd isə bu təhrikçi davranışlarla Ermənistanın silahlandırılmasına zəmin yaratmaq, bu ölkədəki revanşçı meyilləri stimullaşdırmaq, bölgəni uzunmüddətli qarşıdurmalara sürükləməklə Qərbi və Mərkəzi Asiyanın bu mühüm geostrateji önəm daşıyan regionu, xüsusilə də həyati əhəmiyyət kəsb edən kommunikasiyalar üzərində nəzarəti ələ almaqdan ibarət idi.

Lakin Azərbaycan özünün obyektiv, bölgə xalqlarının və dövlətlərinin maraqlarını, regionun təhlükəsiz inkişaf perspektivini ifadə edən prinsipial mövqeyi ilə bu prosesin qarşısını məharətlə ala bildi. Nəticədə, Azərbaycan və Ermənistan ortaq dil tapa, birbaşa təmaslar yolu ilə nəticə əldə edə bildilər. Bu nəticə isə ilk növbədə Azərbaycanın, aparılan bütün total kampaniyalara baxmayaraq, sülh prosesinin avanqard qüvvəsi olduğunu, regionda davamlı əmin-amanlığı təşviq etdiyini bir daha sübuta yetirdi. Beləliklə, növbəti dəfə bir güllə belə atılmadan ədalət bərqərar olundu, delimitasiya prosesinin sürətlə irəliyə doğru aparılması üçün işgüzar və etimadlı mühitin formalaşmasına doğru ciddi bir addım atıldı.

Qeyd edim ki, bu amil həm də Qərb imperializminin total informasiya təxribatları, intensiv siyasi manipulyasiyalarla bu günə qədər həyata keçirməyə cəhd göstərdiyi və təəssüf ki, dünyanın bir sıra bölgələrində nail olduğu “parçala, hökm sür” siyasətinin önəmli həlqəsinin qırılması anlamında da qəbul oluna bilər.

Proses sübuta yetirdi ki, imperializmin qanlı iştahının qarşısının alınmasının yolu region ölkələrinin bölgənin təhlükəsiz gələcəyi naminə işbirliyindən keçir. Azərbaycanın, bu günə qədər region ölkələrinin iştirakı ilə, kənar müdaxilələr olmadan gerçəkləşməsinə nail olduğu ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarının doğurduğu nəticələr də Prezident İlham Əliyevin regional əməkdaşlıq formatları ilə bağlı strategiyasının doğruluğunu, xalqların təhlükəsiz, firavan gələcəyinə xidmət etdiyini sübuta yetirir.

Bu xüsusda, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərindən 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan tarixdən xeyli öncə tərk etmələrinə də diqqət çəkməyin zəruri olduğunu düşünürəm. Bu nəticə də, istisnasız olaraq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edən strateji zəkanın, milli iradəni ifadə edən qətiyyətli xarakterin növbəti qələbəsi və Azərbaycan xalqına, şərəfli tariximizə, gələcəyimizə hədiyyəsidir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti