...

Azərbaycanın bölgədə yaratdığı reallıqlar öz bəhrəsini verməkdədir - ŞƏRH

Siyasət Materials 6 May 2024 16:08 (UTC +04:00)
Azərbaycanın bölgədə yaratdığı reallıqlar öz bəhrəsini verməkdədir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir”.

Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında ifadə etdiyi bu sözlər, həm son 32 illik zaman kəsiyinin, həm də bu günümüzün mənzərəsini ifadə edən, çeşidli siyasi gedişlərlə, riyakar açıqlamalarla pərdələnməsinə, unutdurulmasına cəhd göstərilən bütün reallıqlarını lakonik və tutarlı şəkildə ifadə edir.

Bu gün siyasi əxlaq kriteriyalarını, ədalət prinsiplərini, sivil dünyanın bütün hüquqi-mənəvi dəyərlərini ayaqları altında “süni buz meydançası”na çevirib üzərimizə “haray” çəkib yürüməyə çalışanlar, sadəcə, el arasında deyildiyi kimi “qabaqdangəlmişlik” edirlər. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycanın ərazi bütövlüyünün, həm də sülhün təmin olunmasında, ölkəmizin suverenliyinin, sərhədlərinin toxunulmazlığının bərpa olunmasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsində heç bir xidmətləri yoxdur. Bu səbəbdən də “unudurlar” yox, “çox yaxşı bilirlər” yazdım. Bəli, kim olduqlarını və uzun illər boyu işğala legitimlik qazandırmaq, Azərbaycanı təslimşi və rüsvayçı sülhə, torpaq itkisinə məcbur etmək üçün nə oyunlardan çıxdıqlarını çox yaxşı bilirlər. Bu gün ən müxtəlif vasitələrlə, Qərb siyasətinin riyakarlıq və ədalətsizlik üfunəti qoxuyan platformaları üzərindən qazılan çirkab lağımlarının klassik fəhlələrinin niyyəti yalnız və yalnız arqumentləşdirilməsi, əsaslandırılması mümkün olmayan iyrənc əməllərinin qarşılığında, ən müxtəlif bəhanələrlə bizi borclu çıxartmaqdan ibarətdir.

Bizə ərazi bütövlüyümüzü “qızıl məcməyidə” təqdim etməyiblər, canımız, qanımız bahasına almışıq.
Bu baxımdan, Konstitusiya və digər hüquqi-normativ aktlar müstəvisindən hələ də Azərbaycana qarşı ərazi iddiaları çıxış edən, reallıqlarla, başqa alternativləri olmadığı üçün barışmaq məcburiyyətində qalan məğlub, kapitulyant Ermənistanı himayə edən, “əlini gücləndirmək” istəyənlər birdəfəlik anlamalıdırlar ki, onlara 30 ilə yaxın bir zaman kəsiyində, nəinki heç bir töhfə vermədikləri, əksinə ədalətli sonluğa varmasına süni əngəllər yaratdıqları bir prosesdə yer yoxdur və olması da mümkün deyil.

İndi artıq, Azərbaycanın bölgədə yaratdığı, beynəlxalq hüququn norma və prinsiplərinə, humanizmə, ədalətə, regionun təhlükəsizliyinə xidmət edən baxış bucağına söykənən reallıqlar və bu reallıqların kənar müdaxilələrdən qorunması ilə bağlı nümayiş etdirilən siyasi iradənin doğurduğu nəticələr öz bəhrəsini verməkdədir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası başlayıb, hətta demaekasiya işləri, gözlənildiyindən daha intensiv bir şəkildə həyata keçirilir. Bütün bunlar Azərbaycanla Ermənsitan arasında birbaşa təmaslar yoluyla, hər hansı kənar qüvvənin, vasitəçinin iştirakı olmadan əldə olunan nəticələrdir. Bütün bunlardan sonra ortaya haqlı olaraq ritorik bir sual çıxır: Bizə vasitəçi lazımdırmı? Sualın cavabı, qənaətimə görə, Makron və makronkimilər istisna olunmaqla hər kəsə aydındır – Yox! Yox! Yox!

Son 32 il ərzində özünü “vasitəçi” kimi sırıyan və təkrar istifadəyə yararsızlıqları sübuta yetirildiyinə baxmayaraq, yenidən sırımaq istəyənlərin yeganə məqsədi bölgədə öz siyasi və iqtisadi maraqlarını, hərbi mövcudluqlarını təmin etmək, buradan isə Mərkəzi Asiyaya açılmaqdır. Onların heç Ermənistana dagün ağlamaq niyyətləri yoxdur. Məqsədləri öz maraqlarının növbəti qurbanına çevirdikləri Ermənistanın gününə ağlamaqdan ibarətdir.

Azərbaycan bölgədə davamlı, kənar oyunçuların istifadə mexanizminə çevrilməyəcək sülh istəyir. Bu isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər.

Siyasi şərhçi Elçin Mirzəbəyli

Xəbər lenti

Xəbər lenti