Bakı. Trend:
Fransa Ermənistanı silahlandırmaqla regionda sülhə və sabitliyə ciddi maneə törədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, bu gün regionda həssas sülh prosesi gedir və sülh quruculuğu istiqamətində mühüm addımlar atılır.
“Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub və bu istiqamətdə bütün addımları atır. Fransa isə bütün qeyri-konstruktiv hərəkətləri ilə sülh prosesinə təhdidlər yaradır.
Azərbaycan hər zaman Fransanın qərəzli, terrora, separatizmə dəstək siyasətindən əziyyət çəkib. Fransa daim ermənipərəst mövqedən çıxış edib. 44 günlük Vətən müharibəsi ərzində Fransanın ermənipərəst mövqeyi özünü daha açıq şəkildə büruzə verdi. Fransa həm Vətən Müharibəsi dövründə, həm də sonrakı dövrdə ermənipərəst mövqeyini açıq nümayiş etdirərək Ermənistanın yanında olduğunu göstərdi. Bu gün də Fransa Ermənistanı silahlandırmaqla öz məkirli siyasətini davam etdirir”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, Fransa Ermənistanı silahlandırmaqla heç nəyə nail ola bilməyəcək.
“Azərbaycan qüdrətli ölkədir və güclü orduya malikdir. 44 günlük
Vətən müharibəsində Azərbaycan ordusunun gücü bütün dünyaya nümayiş
olundu. Azərbaycan hər zaman istənilən təhdidin qarşısını almağa
hazırdır.
Yaxşı olardı ki, Fransa regionda proseslərə müdaxilə etmək əvəzinə
öz daxilində tüğyan edən problemlərə diqqət ayırsın. Fransa Yeni
Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat
versin. Fransada milyonlarla müsəlmanın hüquqlarının pozulması,
diskriminasiyaya məruz qalması, Fransada baş verən etiraz
aksiyaları zamanı polis zorakılığı, nümayişçilərə qarşı qəddarlıq
hər kəsə yaxşı məlumdur. Yaxşı olardı ki, Fransa başqa regionlara
müdaxilə etmək əvəzinə daxilində olan problemlərə diqqət yetirsin”,
- deyə deputat əlavə edib.