Bakı. Trend:
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə ciddi böhranla üzləşdi. Birinci Qarabağ Müharibəsi ölkəmiz üçün ağır itkilərlə nəticələnmişdi. Belə ki, iqtisadi potensialın məhv edilməsi, inkişafın dayanması, eyni zamanda qaçqın və məcburi köçkünlərin sayının artması ölkəmizi böyük humanitar fəlakətin astanasında qoydu.
Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə təkrar qayıdışı ölkədə dövlət quruculuğu prosesinin başlanğıcını oldu.
XX əsrin sonlarında müstəqilliyinə qovuşmuş Azərbaycan bütün dünya dövlətləri tərəfindən tanındıqdan sonra, Azərbaycan xalqına aid olan təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünü şəffaf apararaq, dövlət maraqlarını təmin etməklə yanaşı, eyni zamanda hər bir iddialı tərəfin də maraqlarının təmin olunmasına çalışıb.
20 sentyabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsi o zaman dünyanın, eləcə də regionun gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etdi və bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. Əsrin Müqaviləsinin icrası eyni zamanda gənc Azərbaycan Respublikasının dünyada tanınmasına, nüfuzunun artmasına gətirib çıxardı, onu etibarlı tərəfdaşa çevirdi. Məhz müstəqilliyimizin sütunlarından sayılan neft müqaviləsi iqtisadiyyatımızın inkişafına, İkinci Qarabağ-Vətən Müharibəsində Zəfərimizin əldə olunmasında mühüm maliyyə mənbəyinə çevrildi.
Qeyd edim ki, Müqavilənin imzalanmasında Azərbaycan Respublikası ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta iştirak ediblər.
Təsadüfi deyil ki, 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanaraq bu gün regionun lider dövləti olaraq qəbul olunmaqdadır.
Ümumiyyətlə, 2003-cü ildən etibarən Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sülhün, sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə olan sadiqliyi dünya dövlətlərinin Azərbaycana olan marağını artırmaqdadır.
Artıq Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda, dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır.
Qürurla deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir.
Xüsusilə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycan “yaşıl” iqtisadiyyatın təşviqi və “yaşıl” enerjinin istehsalı sahəsində bir sıra vacib meqa layihələrə imza ataraq, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin xaricə nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.
Məhz bu amillər İkinci Qarabağ-Vətən Müharibəsi zamanı, habelə postmüharibə dövründə Cənubi Qafqazfda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması üçün ölkəmizin əsas silahı oldu. Xüsusilə, Azərbaycanın bütün dünya dövlətlərinin yekdil qərarı ilə bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməsi əsası Ulu Öndər tərəfindən qoyulan, dünyada müvəffəqiyyətlə həyata keçirdiyimiz enerji layihələrinə, ümumilikdə enerji siyasətimizə verilən qiymətin bariz göstəricisidir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı